Londonda  ölkəmizin biznes mühiti təqdim edilib
22 noyabr 2013 20:26 (UTC +04:00)

Londonda ölkəmizin biznes mühiti təqdim edilib

“Azərbaycanda sistemli antikorrupsiya tədbirləri aparılır”. İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Londonda keçirilən “Azərbaycan Günü”ndə çıxış edən baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib.

 

Qeyd edək ki, “Azərbaycan Günü” Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı baş ofisində Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə keçirilib.

 

K.Əliyevin sözlərinə görə, iqtisadi inkişafın dayanıqlığı, iqtisadiyyatın şaxələndirilməsi həm də ölkədəki makroiqtisadi stabillikdən, investisiya mühitinin daha da yaxşılaşdılmasından, şəffaflığın təmin edilməsindən asılıdır: “Bu baxımdan Azərbaycanda müfəssəl qanunvericilik bazası yaradılıb, e-xidmətlərin geniş tətbiqinə başlanıb. “ASAN Xidmət”in fəaliyyəti bu sahədə atılan növbəti addımdır. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaya uyğun olaraq 2007-2011-ci illəri əhatə edən Tədbirlər Planı həyata keçirilib, hazırda 2012-2015-ci illər üzrə Tədbirlər Planının icrası davam etdirilir. Korrupsiyaya qarşı mübarizənin özəl bölmənin inkişafında əhəmiyyətini nəzərə alaraq, mütəmadi maarifləndirmə işləri aparılır. Bütün bunlar isə Azərbaycanda şəffaflığın daha da artırılmasına, eləcə də özəl bölmənin inkişafına dəstək verir”.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov təqdimatında Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib.

 

Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf şirkətin fəaliyyəti, AYİB-lə əməkdaşlığı, həyata keçirdiyi birgə layihələr və bankla əlaqələrin genişləndirilməsinə dair təqdimatla çıxış edib.

 

“HOLCIM-Azərbaycan” ASC-nin baş direktoru Rossen Papazov bildirib ki, “HOLCİM” 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir: “Burada yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, bu illər ərzində biz Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmişik. Fikrimcə, Azərbaycandakı uğurların əsasını buradakı əlverişli investisiya mühiti, özəl bölməyə dövlətin dəstəyi, Azərbaycandakı  sürətli iqtisadi inkişaf və böyük iqtisadi potensial təşkil edir”.

 

O qeyd edib ki, vacib amillərdən biri də Azərbaycanda bacarıqlı və yüksək ixtisaslı işçi qüvvəsinin olmasıdır: “Azərbaycanın inkişafına inandığımızdan daha iri layihələrə başladıq və dəyəri 300 mln. avro olan və quru istehsal texnologiyasına əsaslanan yeni sement zavodunu inşa etdik. Maraqlı bir faktı qeyd etmək istərdim ki, bu layihəyə dünyada baş verən qlobal maliyyə və iqtisadi böhran zamanı  başladıq və nəticə göstərir ki, yanılmamışıq və bu layihə “HOLCİM Qrup”un tarixində ən uğurlu layihələrindəndir”.

 

“Bakı Gəmiqayırma Zavodu” MMC-in baş meneceri Devid Lohun sözlərinə görə, “Keppel” şirkəti Azərbaycanda layihələr həyata keçirdikcə buraya investisiya yatırmaqda yanılmadığına bir daha əmin olub. O bildirib ki, hazırda yerli tərəfdaşlarla birlikdə Azərbaycanda 470 mln. ABŞ dolları dəyərində Bakı Gəmiqayırma Zavodunun tikintisini başa çatdırıb və istismarına başlayıb: “Bu zavod Azərbaycanın gəmi donanmasının genişlənməsinə, gəmiçilik sənayesinin inkişafına böyük töhfə verəcək. Biz bu olkənin səmərəli biznes mühitindən, əlverişli investisiya şəraitindən yararlanmaqla Azərbaycandakı fəaliyyətimizi niyyətindəyik”.

 

“CNIM Azərbaycan” MMC-nin İdarə Heyətinin üzvü Stefano Kosta qeyd edib ki, Azərbaycan dövləti iqtisadi inkişafı təmin etməklə yanaşı, ekoloji məsələlərə də xüsusi diqqət yetirir: “Biz artıq Azərbaycanda ekoloji sahədə iri və ən müasir texnologiyalara əsaslanan Bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi layihəsini uğurla həyata keçirmişik. Azərbaycandakı əlverişli mühit bizə bu mühüm layihəni keyfiyyətlə və vaxtında icra etməyə imkan yaradıb”. S.Kosta bildirib ki, ölkədəki səriştəli kadr potensialını nəzərə alaraq, zavodun idarə edilməsinə daha çox yerli mütəxəssislər cəlb edilib: “Gələcək illərdə zavodun idarəçiliyi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Bütün bunlar isə Azərbaycandakı əlverişli işgüzar şəraitin, dövlətin bu sahəyə yüksək diqqətinin göstəricisidir”.

 

AYİB prezidenti Suma Çakrabarti isə Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. O bildirib ki, bu ilin iyul ayında Bakıda olarkən sürətli inkişafın şahidi oldu və qısa müddətdə görülən işlər onu təəccübləndirib: “Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi iqtisadi inkişafın əsas hədəflərindəndir. Bankın Azərbaycana dair ölkə strategiyasını “Azərbaycan-2020” İnkişaf Konsepsiyasına uyğun hazırlayırıq və bu konsepsiya əməkdaşlığımızın daha da genişləndirilməsi üçün geniş imkanlar yaradır. AYİB növbəti illərdə də Azərbaycanda fəaliyyətini özəl sektorun dəstəklənməsi və qeyri-neft sektorunun inkişafı istiqamətlərinə yönəldəcək. Hesab edirəm ki, AYİB qərargahında “Azərbaycan Gün”ünün keçirilməsi çox əlamətdar hadisədir və Azərbaycanın uğurlarının tanıdılmasına, habelə əlaqələrimizin inkişafına öz töhfəsini verəcək”.

 

Tədbirdə Azərbaycanın tarixi, iqtisadi uğurları, mədəniyyəti maraqla qarşılanıb, iştirakçılara Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib, bu barədə müxtəlif materiallar paylanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778
avatar

Oxşar yazılar