Son vaxtlar bəzi saytlarda və sosial şəbəkələrdə elektron ticarətlə bağlı müyyən problemlərin olduğu, xüsusilə elektron sifarişlə və poçt vasitəsilə daxil olan mobil telefonların saxlanılaraq yoxlanılması barədə məlumatlar yayılır.
APA TV-nın xəbərinə görə, bununla bağlı sualı cavablandıran Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd edib ki, yaxın vaxtlarda elektron ticarətlə bağlı problemlərin aradan qaldırılması üçün müəyyən qərarlar və tövsiyyələr qəbul olunacaq: “Bu qərarların qəbulundan sonra bu sahədə olan qanunsuzluqlarla daha güclü mübarizə apara biləcəyik".
Komitə sədrinin sözlərinə görə, fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, ölkə daxilində işləyə bilsin: "Mobil telefonlar istər fiziki şəxslər, istərsə də şirkətlər tərəfindən gətirildikdə qeydiyyatdan keçməlidir. Yalnız elektron deyil, həm də poçt vasitəsi ilə ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil".
Aydın Əliyev mobil telefonların Azərbaycana gətirilməsində baş verən qanunsuzluqlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb: "Dünyada internet ticarət vergilərinin toplanması problemə çevrilib. Bu problemlərlə əvvəllər biz başqa şəkildə qarşılaşdırdıq. Məsələn, bir işbaz ucuz mallar alaraq onu qatarda camaata paylayırdı. Guya hərəsi öz tələbatı üçün gətirib. Sərhədi keçən kimi onları yığıb, bunu sertifikatsız bazara çıxarırdı".
Məsələyə münasibət bildirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə deyib ki, son zamanlar elektron ticarətin müsbət tərəflərindən istifadə edən bəzi işbazlar qeyri-qanuni sahibkarlıq fəaliyyətinə başlayıblar: “Son zamanlar elektron ticarətlə paralel elektron qaçaqmalçılıq da meydana gəlib. Bunun da qarşısını almaq üçün Gömrük Komitəsi Nazirlər Kabinetinə müraciət edib. Bizim nazirlik, Sənaye və İqtisadiyyat, Maliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə məsləhətləşmələr çərçivəsində məsələni araşdırırıq. Burada bizim əsas fikrimiz odur ki, yeni texnolgiyaların istifadəsindən əhali bəhrələnməlidir. Əgər hardasa bir neqativ hadisə varsa, bu, o demək deyil ki, bu texnoloji inkişafı, xidməti dayandırmaq lazımdır. Əsas neqativ hallarla mübarizə etmək lazımdır".
Əli Abbasov qeyd edib ki, elektron qaçaqmalçılığına qarşı mübarizə tədbirləri gücləndirilir.