Кənd təsərrüfatındа  6 faizlik аrtım
16 yanvar 2013 05:39 (UTC +04:00)

Кənd təsərrüfatındа  6 faizlik аrtım

Ötən il ərzində kənd təsərrüfatı sahəsində 5,8% artıma nail olunub. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına və 2013-cü ildəki planlarla bağlı keçirilən müşavirəsində çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

 

Nazir qeyd edib ki, kənd təsərrüfatı sektorunda güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib: «Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılıb, su təminatı və meliorativ tədbirlər görülüb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməyib və bu sahədə sabitliyə nail olunub».

 

Ş.Mustafayevin sözlərinə görə, ölkədə iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılıb ki, bu mövsüm təsərrüfatda yüksək məhsuldarlıq əldə olunacaq: «Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə tutulur və layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur. Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə zəruri işlərə başlanılıb».

 

Sahibkarlığın maliyyə təminatının yaxşılaşması və güzəştli kreditlərin həcminin artmasını diqqətə çatdıran nazir onu da əlavə edib ki, ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2 400 sahibkara 218 mln. manat güzəştli kredit verilib, bunun da 128 mln. manatı və ya təqribən 60%-i qaytarılan vəsaitlər hesabına maliyyələşdirilib. Kreditlərin 68%-i aqrar sektorun, 32%-i isə sənaye və turizmin inkişafına ayrılıb və bu kreditlər hesabına 9 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

«Bakı və onun qəsəbələri üzrə müvafiq proqramın qəbulundan ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 mln. manat güzəştli kredit verilib. Ümumilikdə, ötən il ərzində Fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələri - metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı fabrikləridir», - deyə Ş.Mustafayev bildirib.

 

Nazir həmçinin qeyd edib ki, ölkədə istehsal olunan rəqabət qabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə ötən il yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə 107-si xaricdə, 201-i isə daxildə olmaqla 308 tədbir keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898
avatar

Oxşar yazılar