Fövqəladə Hallar Nazirliyi (FHN) Belarus müəssisələrinin layihələrinə maraq göstərir. APA-nın Azərtac-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə FHN-nin rəhbəri, general-polkovnik Kəmaləddin Heydərov məlumat verib.
İyulun 5-də o, Minskdə Belarusun baş naziri Mixail Myasnikovla görüşüb.
“Biz yeni avadanlıq alırıq. Belarus müəssisələrinin layihələrinə, o cümlədən yanğınsöndürmə, xilasetmə işlərinin aparılması sahəsində layihələrə maraq göstəririk. Xilasetmə, müxtəlif risklərin öyrənilməsi üzrə çoxlu istiqamətlər vardır. Biz belaruslu həmkarlarla əməkdaşlığa ümid bəsləyirik. Bundan əlavə, Azərbaycan tərəfi kadrların hazırlanması sahəsində Belarus FHN ilə tərəfdaşlığın inkişafında maraqlıyıq ”, deyə görüşdən sonra nazir K.Heydərov bildirib.
Nazirin sözlərinə görə, hər iki ölkənin fövqəladə hallar nazirlikləri tərəfdaşlığın konkret istiqamətlərinin əks olunacağı 2014-2016-cı illər üçün kompleks tədbirlər planını imzalamağı planlaşdırırlar: “Biz bir-birimizin təcrübəsini öyrənirik. Müasir layihələr vardır. Biz gələcəkdə də həmin layihələr üzərində işləyəcəyik”.
Belarusun baş naziri Mixail Myasnikov Azərbaycanın fövqəladə hallar naziri ilə görüşündə ölkələr arasında etimada söykənən çox mehriban münasibətlər yarandığını bildirib: «Ticarət-iqtisadi və investisiya əməkdaşlığı dinamik inkişaf edir. Bu ilin dörd ayında qarşılıqlı ticarətin həcmi 10 faiz artmışdır ki, bu da ikitərəfli əməkdaşlığın səmərəli olduğuna dəlalət edir. Belarus-Azərbaycan birgə layihələri həyata keçirilir. Belə qarşılıqlı fəaliyyətin parlaq nəticələrindən biri Belarus və Azərbaycan tərəfindən almaniyalı tərəfdaşların iştirakı ilə kommunal və kənd təsərrüfatı texnikasının istehsalı üzrə transmilli korporasiyanın yaradılması olub».
Azərbaycan nazirinə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirə olunmasını təklif edən M.Myasnikov əmin edib ki, iki ölkənin fövqəladə hallar nazirlikləri arasında əldə olunmuş razılaşmalar Belarus hökuməti səviyyəsində dəstəklənəcək.
Xatırladaq ki, ölkələrimizin tərəfdaşlığı, o cümlədən fövqəladə halların qabaqlanması və nəticələrinin ləğv edilməsi sahəsində tərəfdaşlığı fəal inkişaf edir. Azərbaycanın və Belarusun fövqəladə hallar nazirlikləri 2011-2013-cü illər üçün kompleks tədbirlər planının icrası istiqamətində iş aparırlar. Təhsil prosesinin informasiyalaşdırılması sahəsində təcrübə mübadiləsi, paytaxt qarnizonları, Belarus Respublikası FHN-nin Fövqəladə Halların İdarə olunması və Onlara Reaksiya Mərkəzi və Azərbaycan Respublikası FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi arasında tərəfdaşlığın inkişaf etdirilməsi əməkdaşlığın perspektiv istiqamətləri arasındadır. Ölkəmizin kənd yerlərində yanğınsöndürmə, qəza-xilasetmə postlarının fəaliyyətinin təşkil edilməsi, kənddə yanğınların aradan qaldırılması üçün Belarus istehsalı olan yanğınsöndürmə avtomobillərinin göndərilməsi, dalğıc, habelə kimya və radiasiya müdafiəsi xidmətləri arasında təcrübə mübadiləsi də planlara daxildir.