Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a palatadan məlumat verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağı tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə edilərək təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb. Eyni zamanda, iclasda "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölmələri (Şəki regional logistik bazası, Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair Hesabat və Rəylər də müzakirə edilib.
Həm “Aqrolizinq” ASC-nin Şəki rayon Aqroservis filialının, həm də Şəki Regional Logistik Bazasının vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, o cümlədən ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi nöqsanlara yol verilməklə dövlətə külli miqdarda zərərin vurulması ehtimalı nəzərə alınaraq yoxlama materiallarının “Hesablama Palatası haqqında” qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi barədə kollegiya tərəfindən qərar qəbul edilib.