Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (“Azpromo”) Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə tikinti, infrastruktur, sənaye, alternativ enerji, ətraf mühit və s. sahələrdə fəaliyyət göstərən italiyalı iş adamları iştirak ediblər.
İşgüzar görüşdə çıxış edən “Azpromo”nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və “Azpromo”nun fəaliyyəti haqqında məlumat verib.
İtaliya-Azərbaycan Ticarət Palatası Assosiasiyasının vitse-prezidenti Emilio Saponara ötən həftə təşkil edilmiş Azərbaycan-İtaliya biznes forumunun əhəmiyyətini diqqətə çatdırıb, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirin iki ölkənin iş adamları arasında mövcud əməkdaşlığın daha da genişlənməsinə və yeni əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini bildirib.
İtaliyanın iqtisadi inkişaf nazirinin keçmiş müavini Adolfo Urson isə çıxışında ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib. İşgüzar görüşdə Azərbaycanın investisiya imkanlarına dair müzakirələr aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.