İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib
19 yanvar 2013 16:54 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Nazirliyin struktur bölmələri, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda çıxış edən iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev 2012-ci ildə qazanılmış iqtisadi nailiyyətlər barədə məlumat verib və qeyd edib ki, 2012-ci ildə ÜDM 2,2% artıb, onun adambaşına düşən həcmi 5 884,5 manat (7490,5 ABŞ dolları) təşkil edib, ÜDM-in artımına qeyri-neft sektoru hesabına nail olunub: «Ötən il qeyri-neft sektorunda artım 9,7% təşkil edib, qeyri-neft sənayesi 7,8%, kənd təsərrüfatı 5,8%, tikinti 18%, nəqliyyat 5%, rabitə 15,9%, turizm 18,8% və s. artıb. İllik inflyasiya 1,1% təşkil edib. Bütün mənbələr hesabına iqtisadiyyata 22,1 mlrd. dollar investisiya yatırılıb ki, bunun 13,3 mlrd. dolları daxili, 8,8 mlrd. dolları isə xarici investisiyalardır».

 

Nazir həmçinin əlavə edib ki, ötən ilin 11 ayında 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 mlrd. dollar, xarici ticarət saldosu müsbət 22,6 mlrd. dollar təşkil edib, qeyri-neft ixracı 11,2% artıb: «Ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dollar olub ki, bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur. Məqsədyönlü dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda, Bakı şəhəri və onun qəsəbələrində abadlıq-quruculuq işləri davam edib, yeni müəssisələr, iş yerləri açılıb. Ötən il infrastruktur layihələrinin icrası, sənaye parklarının təşkili istiqamətində tədbirlər davam etdirilib».

 

Ş.Mustafayevin sözlərinə görə, 2012-ci ildə sosial layihələr həyata keçirilib, əhalinin pul gəlirləri 13,8%, əmək haqqı təqribən 10% artıb. Ölkədə yoxsulluğun səviyyəsi 6%-ə, işsizliyin səviyyəsi isə 5,2%-ə enib.

 

«Sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri real bəhrələrini verib, ilin yekunlarına görə özəl bölmənin ÜDM-də xüsusi çəkisi 83% təşkil edib. Dövlət başçısının tapşırığına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi təmin edilib, sahibkarlara göstərilən elektron xidmətlərin sferası daha da genişləndirilib», - deyə nazir bildirib.

 

Kollegiya iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafı, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, infrastruktur layihələrinin icrası, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsi, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, 2013-cü ilin İKT ili elan olunması ilə əlaqədar informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və s. istiqamətlərdə verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.

 

İclasda həmçinin, Azərbaycan iqtisadiyyatının, biznes və investisiya mühitinin təşviqi sahəsində Nazirlik tərəfindən görülən işlər müzakirə edilmiş, bu sahədə tədbirlərin gücləndirilməsi, effektivliyinin artırılması istiqamətində tapşırıqlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar