Heydər Əliyev Fondunun 10 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərlə əlaqədar Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində səfərdədir.
APA-nın Həştərxana ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinə bir sıra deputatlar, ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri daxildir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Həştərxan vilayət qubernatoru Aleksandr Jilkin arasında görüş keçirilib. Görüş zamanı A. Jilkin Azərbaycan və Rusiya arasında əlaqələrin yüksək inkişafından danışaraq bildirib ki, bu əməkdaşlıqda prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun əməyi yüksəkdir. O qeyd edib ki, iki ölkə arasında, o cümlədən Həştərxanın Azərbaycanla dostluğu bundan sonra da yüksələn xətlə davam edəcək.
A. Jilkin deyib ki, Rusiya tərəfi ölkədə, xüsusilə Həştərxanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsinə fəal hazırlaşır. Qubernator Bakı ilə Həştərxan arasında vaxtilə mövcud olmuş gəmi-bərə xəttinin bərpasına çalışdıqlarını söyləyib: “Biz ümid edirik ki səylərimiz nəticəsində Bakı – Həştərxan bərəsi yenidən fəaliyyətə başlayacaq”.
Əli Həsənov isə bəyan edib ki, Rusiya-Azərbaycan münasibətləri fonunda Həştərxanla olan əlaqələr Rusiyanın digər vilayətləri üçün də nümunədir. O, Həştərxana altıncı dəfə Azərbaycan nümayəndə heyətinin gəldiyini vurğulayaraq bu əlaqələrin inkişafında qubernatorun xidmətini yüksək qiymətləndirib.