Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ola bilər  - YENİLƏNİB
21 noyabr 2013 16:45 (UTC +04:00)

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ola bilər - YENİLƏNİB

Bu gün Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclası keçirilib.


 

«APA-Economics»in məlumatına görə, komitənin iclasında üç məsələyə baxılıb. Bu, «Akkreditasiya haqqında» qanun layihəsinə və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında qanun layihələri, həmçinin Azərbaycan Hesablama Palatasına yeni sədrin seçilməsi olub.


Millət vəkilləri əsas müzakirələri Vüqar Tapdıq oğlu Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi ilə bağlı aparıblar.


İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Hesablama Palatası Azərbaycanın ali maliyyə qurumu hesab olunur və burada palatada professional mütəxəssislər təyin olunub: «Palata vaxtı-vaxtında Milli Məclisə rəy, büdcə hesablamalarını təqdim edir».


Z. Səmədzadə qeyd edib ki, Hesablama Palatasının sabiq sədri Heydər Əsədov prezident İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub: «Heydər Əsədov Palatada olduqca gözəl ənənələr qoyub. Vüqar Gülməmmədov isə uzun illərdir maliyyə sektorunda çalışıb və Hesablama Palatasının investisiyalara nəzarət şöbəsinin rəisidir».


Millət vəkili Vahid Əhmədov isə bildirib ki, Hesablama Palatası ölkənin ciddi nəzarət orqanıdır. Onun sözlərinə görə, Palata Milli Məclisə hər zaman olduqca aydın rəylər və hesabatlar təqdim edib: «Xahiş edərdim ki, Hesablama Palatası bundan sonra da dövlət büdcəsi ilə əlaqədar aparılan bütün rəyləri və hesablamaları ictimaiyyətə açıq şəkildə təqdim etsin».


Millət vəkilləri V. Gülməmmədovun namizədliyini dəstəkləyərək, Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılmasını dəstəkləyiblər.


Qeyd edək ki, V. Gülməmmədov 1971-ci il aprelin 3-də Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı Maşınqayırma Zavodunda tərcüməçi işləyib, 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb, 1997-2007-ci illərdə Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə İdarəsinin müfəttişi, rəis müavini, müdiri, Səbail rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub.


Sonradan, 2007-ci ildən Hesablama Palatasının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyən V. Gülməmmədov Palatanın yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan prezidentinin 2011-ci il 31 oktyabr tarixli sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Oxşar yazılar