Xəzər və Tovuz rayon İcra Hakimiyyətlərinin tabeliyindəki idarə, müəssisə və təşkilatlarda nəzarət tədbirlərinin nəticələri parlamentə təqdim olunacaq
Hesablama Palatasının Kollegiya iclası keçirilib. Lent.az-ın Hesablama Palatasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Hesablama Palatasının Kollegiya iclasında Xəzər və Tovuz rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə auditlərin nəticələrinə dair Rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub.
Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinə “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrına ayrılan vəsaitlərin və digər mənbələrdən daxil olan vəsaitlərin icrasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Yaddaş” sənədli filmlər studiyasına ayrılan vəsaitlərin icrasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və icrasına, “Şirvan Regional Elektrik” MMC tərəfindən dövlət vergilərinin qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair Audit proqramları da təsdiqlənib.