Mərdəkan qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib. Lent. az-ın məlumatına görə, tədbir çərçivəsində 17 sahibkarlıq subyektinə 676 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, çörək istehsalı, tərəvəzçilik, heyvandarlıq, tikişçilik, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 50-ə yaxın yeni iş yerinin açmaq mümkün olacaq.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3760 çox investisiya layihəsinin maliyyələşdirilməsinə 249 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 10700-ə yaxın iş yerinin yaradılmasına imkan yaradır. Diqqətə çatdırılıb ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 631 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 5000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində həmçinin, Binə qəsəbəsində güzəştli kredit verilmiş istixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunun tikinti-quraşdırma işlərinə baxış keçirilib.