Azərbaycandan Gürcüstana təbii qaz tədarükünün artırılması haqqında razılıq əldə olunub.
SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə Gürcüstan tərəfinin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparılıb və “Şahdəniz” yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə edilib.
Belə ki, razılığa əsasən qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 milyon kubmetr artırılacaq. Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır.