“Azərbaycanda sahibkarlara dəstək olmaq və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması üçün gömrük orqanlarının qarşısında mühüm vəzifələr durur”.
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev Xəzər Avropa Klubunun tədbirində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son 1 il ərzində gömrük orqanlarında tətbiq olunan yeni qaydalarla bağlı yeniliklər əldə edilib: “Biz sahibkarlarla gömrük orqanlarının birgə fəaliyyəti üçün hökumət qarşısında müəyyən təkliflər vermişik. Bunlar iki qanunverici aktlarla bağlıdır”.
O qeyd edib ki, bunlardan birincisi, Gömrük Məcəlləsidir: “Belə ki, bu məcəllədə yüklərin sənədlərinin rəsmiləşdirilməsinin 72 saat ərzində başa çatdırılması ilə bağlıdır. İkincisi, bu məcəllə ilə bağlıdır və bir az qlobaldır. Ölkə başçısının 1997-ci ildə “Xarici ticarətin daha da liberallaşdırılması ilə bağlı” Fərmana ediləcək dəyişikliklərlə bağlıdır. Axırıncı ən vacib təklif isə gömrük orqanlarına təqdim olunan sənədlərlə bağlıdır. Bu sənədlərin qanun çərçivəsində təqdim olunması üçün verilən təkliflərin tənzimlənməsi təklif olunur. Bu, ən vacib məsələlərdən biridir”.
Komitə sədri bildirib ki, həmçinin gömrük yüklərinin Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) vasitəsilə bəyan edilməsi planlaşdırılır.
A. Əliyevin sözlərinə görə, ölkəmiz gömrük sahəsində şəffaflığın təmin olunmasına görə 138 ölkə arasında 39-cu yerdə qərarlaşıb: “Bu da bizim üçün sevindirici haldır. Bu da onunla bağlıdır ki, gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirmək istəyirik. Belə hesab edirəm ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçilərinin sayıqlığı daha da artırılmalı, və bu sahədə modern texnologiyalar və üsullar öyrənilərək tətbiq olunmalıdır.”