Gömrük sərhədimizdən mallar boru kəməri ilə necə keçəcək? – QAYDA
08 yanvar 2013 12:52 (UTC +04:00)

Gömrük sərhədimizdən mallar boru kəməri ilə necə keçəcək? – QAYDA

Nazirlər Kabineti gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını təsdiqləyib. Lent.az-ın verdiyi məlumata görə, bu qaydalar Gömrük Məcəlləsinə əsasən hazırlanıb  və gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən edir.  

 

Gömrük ərazisindən boru kəməri vasitəsi ilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir. Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar seçilmiş gömrük proseduru altında yerləşdirilərkən, onların gömrük orqanlarına faktiki təqdim edilməsi tələb olunmur. Boru kəməri vasitəsi ilə aparılan mallar seçilmiş gömrük proseduru altında yerləşdirilənədək, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməməsi şərtilə, qəbul məntəqələrində saxlanıla bilər. Həmin mallardan istifadə və özgəninkiləşdirmək də daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz.

 

Nəqletmənin texnoloji cəhətlərindən, malların isə xassələrindən və xüsusiyyətlərindən asılı olaraq, gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların qarışdırılmasına, miqdarının və kəmiyyətinin dəyişdirilməsinə icazə normativ hüquqi aktların tələblərinə əməl edilməsi şərtilə verilir. Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə təqdim etdiyi vaxtdan başlanır. Gömrük bəyannaməsi və gömrük məqsədləri üçün lazım olan digər sənədlər və məlumatlar elektron və ya kağız üzərində yazılı formada gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına təqdim olunur. Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin və məlumatların siyahısı Gömrük Məcəlləsinə əsasən müəyyən edilir.

Bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam bəyannamə təqdim edir:

- gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;

- gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.

Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təqdim edilir. Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallara dair natamam bəyannamənin təsdiq edildiyi gün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş ticarət siyasəti tədbirləri tətbiq olunur.

Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur. Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri müvafiq sənədlərdə olan məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə aparılan uçot məlumatları əsasında gömrük orqanları tərəfindən müəyyənləşdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918
avatar

Oxşar yazılar