Gömrük rəsmiləşdirilməsi ilə bağlı şərtlər və məhdudiyyətlər təsdiqləndi
27 dekabr 2012 10:12 (UTC +04:00)

Gömrük rəsmiləşdirilməsi ilə bağlı şərtlər və məhdudiyyətlər təsdiqləndi

 

Nazirlər Kabineti gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətləri təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, gömrük orqanına təqdim edilmiş malların və nəqliyyat vasitələrinin həmin mallar və nəqliyyat vasitələri üzərində gömrük rəsmiləşdirilməsi başa çatmadan istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi aşağıda göstərilmiş şərtlərə tam əməl edilməklə gömrük orqanının icazəsi ilə həyata keçirilir:

 

- mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi mümkün olduqda;

 

- mallara və nəqliyyat vasitələrinə dair gömrük ödənişləri ödənildikdə və ya onlara görə gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda həmin borcun ödənilməsinə təminat verildikdə;

 

- mallara və nəqliyyat vasitələrinə dair Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunan hallarda müvafiq icazə sənədi və ya xüsusi razılıq (lisenziya) mövcud olduqda.

 

Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan istifadə edilməsi üçün mallara dair səlahiyyətli şəxs rəsmiləşdirilmənin başa çatdırılmaması səbəblərini və istifadənin təyinatını göstərməklə, gömrük orqanına ərizə ilə müraciət etməlidir. Gömrük orqanlarına təqdim edilmiş ərizəyə gömrük orqanları tərəfindən 3 (üç) iş günündən artıq olmayan müddətdə baxılır. Gömrük orqanları gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə dair hər bir hal üzrə ayrı-ayrılıqda qərar qəbul edir.

 

Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə yalnız yerləşdirildiyi gömrük prosedurunun tələblərinə uyğun olaraq yol verilir. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri üzərində istifadə hüququna malik olan şəxsdən başqa həmin mallardan və nəqliyyat vasitələrindən istifadə və sərəncam hüququ digər şəxsə verilə bilməz.

 

Bəyannaməçi gömrük rəsmiləşdirilməsinin başa çatdırılması üçün gömrük bəyannaməsini Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müddətdə gömrük orqanlarına təqdim etməlidir. Gömrük rəsmiləşdirilməsi başa çatdırılmış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi seçilmiş gömrük proseduruna uyğun həyata keçirilir.

 

# 864
avatar

Oxşar yazılar