Genetik modifikasiya olunmuş buğda becərənlərə dövlət tərəfindən yardım verilməyəcək
Nazirlər Kabineti “Gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna hallar və gətirilmə Qaydası"nın təsdiq edilməsi haqqında” qərarını ləğv edib.
Lent.az-ın verdiyi məlumata görə, bununla da Azərbaycana gen mühəndisliyi əsasında alınmış toxumların gətirilməsinə birmənalı qadağa qoyulub.
Buna müvafiq olaraq Nazirlər Kabinetinin digər qərarlarında da ölkəyə idxal edilən toxum, gübrə və damazlıq heyvanların genetik modifikasiya olunmamış olması şərt kimi əlavə edilib. Məsələn, Nazirlər Kabinetinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” qərarında dəyişikliklər edilib. İndiyə qədər Kənd Təsərrüfatı Nazirliyi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti idxal olunan buğda toxumunun, mineral gübrələrin və damazlıq heyvanların təsdiq olunmuş qaydalara uyğun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı məhsul istehsalçılarına satılmasını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıb. Bundan sonra Kənd Təsərrüfatı Nazirliyi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti idxal olunan genetik modifikasiya olunmamış buğda toxumunun, mineral gübrələrin və damazlıq heyvanların təsdiq olunmuş qaydalara uyğun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı məhsul istehsalçılarına satılmasını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdıracaq. Eyni zamanda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, müvafiq bankda xəzinə hesabı açır və idxal olunmuş genetik modifikasiya olunmamış buğda toxumunun, mineral gübrələrin və damazlıq heyvanların istehsalçılara güzəştli şərtlərlə satışından toplanan vəsaitlərin həmin xəzinə hesabına köçürülməsini təmin edəcək.
Kənd Təsərrüfatı Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və müvafiq yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına güzəştli şərtlərlə satılmış yüksək reproduksiyalı buğda toxumunun və mineral gübrələrin aqrotexniki tələblərə uyğun məqsədyönlü istifadəsinə, xaricdən damazlıq heyvanların idxalına və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmış damazlıq heyvanlara zoobaytar tədbirlərinin vaxtında həyata keçirilməsinə əməli köməklik göstərirdilərsə, bundan sonra həmin qurumlar yalnız genetik modifikasiya olunmamış yüksək reproduksiyalı buğda toxumunun və mineral gübrələrin aqrotexniki tələblərə uyğun məqsədyönlü istifadəsinə, xaricdən damazlıq heyvanların idxalına və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmış damazlıq heyvanlara zoobaytar tədbirlərinin vaxtında həyata keçirilməsinə əməli köməklik göstəcəklər.
“Buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına idxal olunan rayonlaşdırılmış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılması Qaydaları”nda da dəyişiklik edilib. Bundan sonra bu qaydalar yalnız buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına dövlət vəsaiti hesabına “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən idxal olunan rayonlaşdırılmış genetik modifikasiya olunmamış yüksək reproduksiyalı buğda toxumunun güzəştli şərtlərlə satılmasını tənzimləyəcək. O cümlədən “Dövlət vəsaiti hesabına idxal olunan mineral gübrələrin güzəştli şərtlərlə buğda istehsalçılarına satılması Qaydaları” dövlət vəsaiti hesabına “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən idxal olunan mineral gübrələrin genetik modifikasiya olunmamış buğda istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlara güzəştli şərtlərlə satılmasını tənzimləyəcək.
“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları” və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları” da dəyişib. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nda edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara yalnız genetik modifikasiya olunmamış bitkilərin hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 40 manat məbləğində yardım verilməsi müəyyən ediləcək. Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyinin və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsində kənd təsərrüfatı məhsullarının istehsalında və genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq, motor yağları və mineral gübrələrə görə yardımın verilməsi üçün ayrılması nəzərdə tutulan vəsait hesabına əkin sahəsinin becərilməsi və buğda səpini üçün verilən yardımların alınmasına lazım olan blankların və ərizə formalarının çap olunmasına, istehsalçılar üçün plastik kartların üç ildən bir hazırlanmasına və onlara göstərilən bank xidmətinə görə müvafiq məbləğdə vəsaitin ayrılmasını təmin edəcək.
“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”na edilən dəyişikliyə görə, bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə məhz genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi şərtlərini müəyyən edəcək. Dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara yardım verilməsində əsas meyar kənd təsərrüfatı məhsullarının istehsalı üçün becərilən genetik modifikasiya olunmamış bitkilərin 1 ha əkin sahəsi və çoxillik əkmələr götürüləcək və həmin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə dövlət tərəfindən 40 manat yardım veriləcək.
“Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na edilən dəyişikliyə görə, istehsalçılara mineral gübrələrin güzəştlə satılması üçün əsas meyar gübrə səpiləcək 1 ha becərilən genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsi götürüləcək və satıcı tərəfindən istehsalçılara orta hesabla 50 faiz güzəştlə satılacaq mineral gübrələrin miqdarı hər hektar əkin sahəsinə görə 300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi 50 manata qədər müəyyən ediləcək.