Sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olub.
“APA-Economics”in məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Təməli 2010-cu il martın 19-da prezident İlham Əliyev tərəfindən qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı gəmiqayırma zavodu” MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, AİŞ və Keppel zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdir.
Zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Cənubi Koreya və Sinqapurda istehsal olunan və ən müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib.
Dövlət başçısı zavodu işə salıb.
Bildirilib ki, zavodun istehsal gücü ildə 25 min ton metal konstruksiyadır. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Zavodun inşası ilə paralel olaraq, onun fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, uzunluğuna görə Xəzər dənizində ən böyük üzən quru dok tikilib. Müəssisənin tikinti layihəsinin ikinci mərhələsində yeni quru dokun, əlavə istehsal emalatxanasının və körpü sahəsinin tikintisi planlaşdırılır.
Tam fəaliyyətə başlayanda zavodda ilkin olaraq 1250 nəfər işçi çalışacaq. Gələcəkdə isə işçilərin sayının 2000 nəfərə çatdırılması nəzərdə tutulur.
Zavodun istifadəyə verilməsi Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirməklə yanaşı, ölkədə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaq.
Dövlət başçısı mərasimdə çıxış edib.
Sonra Sinqapurun Ticarət və Sənaye Nazirliyinin baş dövlət naziri Li Yi Şyan çıxış edib.
Daha sonra Azərbaycan prezidenti üzən quru doka ad verilməsi mərasiminə qatılıb.