Gədəbəydə yeni zavod açıldı
10 sentyabr 2013 20:20 (UTC +04:00)

Gədəbəydə yeni zavod açıldı

Prezident İlham Əliyev sentyabrın 10-da Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışında iştirak edib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə,  yeni zavodun tikintisinə ötən il başlanılmış, bu ilin iyununda başa çatdırılıb.

 

Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir. Köhnə müəssisədən fərqli olaraq bu zavodda sulfidli filiz emal olunacaq. Yeni müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə kimyəvi maddələrin yayılmasının təsiri azalacaq. Bu məqsədlə anbar tikilib və tullantıların oraya axıdılması üçün xüsusi mühafizə olunan boru xətti çəkilib. Zavodda istifadə olunan texnologiyalar xaricdən gətirilib. Emal prosesində istifadə olunan aşındırma sistemi Avstraliya, çökdürmə sistemi isə Cənubi Afrika Respublikasının istehsalıdır. Köhnə zavodda çökdürmə prosesi açıq havada aparılıbsa, yeni müəssisədə bu əməliyyat qapalı çənlərdə həyata keçirilir. Yeni müəssisənin tikinti sahəsi 14,4 min kvadratmetrdir. Burada 32 min unsiya qızıl istehsalı nəzərdə tutulub.
 

Gədəbəy yatağı hələ qədim dövrlərdən məlum olmuş, dəfələrlə mis və nəcib metalların çıxarılması məqsədilə istismar edilib. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada dağ-mədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın “Siemens” şirkəti yataqda mis hasilatı ilə məşğul olub, təxminən 2 milyon ton filiz çıxarılmışdır. 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb.

 

Prezident İlham Əliyev zavodu işə salıb. Azərbaycan Prezidenti müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar