Ötən ay ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşıb.
Ay ərzində unun, toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyünün, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, qarğıdalı yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, soğanın, sarımsağın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadədə olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşsa da, telefon üçün abunə haqqı tarifləri bahalaşıb.