Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komitə sədri Kərəm Həsənov müşavirədə qeyd edib ki, 2015-ci ildə dünyada iqtisadi-siyasi çətinliklərin daha da artması ölkəyə təsirsiz ötüşməsə də, ölkə prezidentinin uğurlu siyasəti nəticəsində dövlətin dinamik iqtisadi inkişafı və ictimai-siyasi stabilliyinin qorunması təmin edilib. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatlar çərçivəsində digər sahələrdə olduğu kimi, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi sahəsində də ardıcıl tədbirlər həyata keçirilib.
Müşavirədə bildirilib ki, Prezidentin müvafiq sərəncamı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi, yerquruluşu, kadastr və digər vəzifələrin icrasının komitənin səlahiyyətlərinə aid edilməsi ötən ilin ən əhəmiyyətli hadisələrindən biri olub. Bu, dövlət başçısı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə göstərilən ən böyük etimaddır. Eyni zamanda, 2015-ci ildə imzalanmış müvafiq fərmanla Komitənin yeni Əsasnaməsi təsdiq olunub və komitədə struktur dəyişiklikləri həyata keçirilib.
Dövlət başçısının iştirakı ilə 2015-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yeni İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışı da komitə üçün mühüm hadisələrdən biri olub. Mərkəzin yaradılmasında məqsəd Komitənin bütün texnoloji resurslarını və informasiya sistemlərini vahid mərkəzdən kompleks və müasir tələblərə uyğun idarə etməkdir.
Komitə sədri qeyd edib ki, mərkəzdə Milli Avtomatlaşdırılmış Əmlak Sistemi, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və Ünvan Reyestri İnformasiya Sistemi fəaliyyət göstərir. Eyni zamanda, bu sistemlərin sırasına Torpaqların Elektron Uçotu İnformasiya Sistemi və Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi də aiddir. Bu sistemlər vasitəsi ilə dövlət qurumlarına, bələdiyyələrə, hüquqi və fiziki şəxslərə “Elektron hökumət” portalı üzərindən daşınmaz əmlakın idarə edilməsi, qeydiyyatı, kadastr, ünvan, yerqurluşu sahələrində elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bundan başqa, məlumatların qorunması və informasiya təhlükəsizliyinin effektiv təmin olunması məqsədilə Şamaxıda Ehtiyat Məlumat Mərkəzi tikilib istifadəyə verilib.
Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat prosesində “bir pəncərə” prinsipinin tətbiqinə başlanıb. Artıq daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyi ilə bağlı bütün hüquqi əməliyyatlar bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində aparılır. Bu isə, öz növbəsində sənədləşdirmə prosesində optimallıq, çeviklik və rahatlığın kifayət qədər artmasını təmin edib.
K.Həsənov bildirib ki, fəaliyyət sahələrində yeniliklərin və müasir idarəetmə texnologiyalarının tətbiqi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət davam etdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi 2015-ci ildə də növbəti beynəlxalq tədbirə ev sahibliyi edib. BMT Avropa İqtisadi Komissiyası və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində 29–30 oktyabr tarixində 56 üzv dövlətin nümayəndəsinin iştirakı ilə “BMT AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda beynəlxalq tədbir keçirilib.
Dövlət başçısının tapşırıqlarına əsasən komitə tərəfindən ölkə üzrə torpaqların elmi əsaslarla səmərəli idarə olunması istiqamətində tədbirlər həyata keçirilib. Torpaqların vahid elektron uçotunun aparılması məqsədilə Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb. Sistem təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün torpaqları barədə məlumatları əhatə edir. Sistemdə torpaqların dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər zəruri məlumatlar əksini tapır.
Torpaqların vahid elektron informasiya sisteminin yaradılması ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.
Müşavirədə vurğulanıb ki, Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Elektron kadastr məlumat bazasında parsel-torpaq sahəsi haqqında bütün məlumatlar əks olunub. Torpaqların uçotu sistemi və Bakı Kadastr layihəsi Milli Məkan Məlumatları İnfrastrukturunun tərkib hissəsidir.
Gəncə və Şəki şəhərlərində icra olunan “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin bu il yekunlaşması nəzərdə tutulur. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sisteminin yaradılmasından ibarətdir.
Həmçinin, ötən il Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Kütləvi Qiymətləndirilməsi Layihəsi” həyata keçirilib. Layihənin məqsədi qiymətləndirmənin milli səviyyədə vahid mərkəzdən, rəsmi, kompakt və mütərəqqi qaydada həyata keçirilməsini təmin etməkdir. Layihə ilk olaraq Sumqayıt şəhərində icra olunmuş, hazırda Quba və Xaçmaz rayonlarında davam etdirilir.
Müşavirədə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət qurumları qarşısında şəffaflığın daha da artırılması, korrupsiya hallarının qarşısının alınması, elektron xidmətlərin tətbiqi, sosial amillərin gücləndirilməsi, əhaliyə çevik və əlçatan xidmətlərin göstərilməsi kimi vəzifələr qoyulmuş və tapşırıqlar verilmişdir.
Daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə ötən il 3 SMS xidmət istifadəyə verilib. Ümumilikdə isə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 300 minə yaxın elektron müraciət daxil olub və icra edilib. Eyni zamanda, elektron xidmətlərlə yanaşı, komitənin 2 onlayn xidməti də vətəndaşların istifadəsindədir.
Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan və paralel olaraq paytaxt və regionlarda hər ay keçirilən “Kütləvi çıxarış” kampaniyası da qeydiyyat sahəsində xidmətlərin vətəndaşların birbaşa ünvanlarında göstərilməsi ilə əlçatanlığın daha da artırılmasını təmin edib. Kampaniya çərçivəsində 6000-dən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. 2015-ci ildə kampaniya respublikanın 16 şəhər və ya rayonunda keçirilib.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 86 mindən çox müraciət qəbul edilib.
2015-ci ilin yanvar və iyun aylarında regionlarda vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü - Vətəndaş Forumu keçirilib.
Ötən il ictimai təbliğat və hüquqi maarifləndirmə məqsədilə aidiyyəti qurumlar, bələdiyyələr, fiziki və hüquqi şəxslər, həmçinin mətbuat nümayəndələrinin iştirakı ilə ictimai təqdimatlar, konfranslar, seminarlar və işgüzar forumlar keçirilib. Eyni zamanda, ictimai məlumatlandırma və maarifləndirmə komitənin çağrı mərkəzləri, həmçinin mətbu orqanları olan “Mülkiyyət” qəzeti və “Daşınmaz Əmlak” jurnalı və komitənin rəsmi internet səhifəsi vasitəsilə də aparılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi üzrə çağrı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və yeni tabeli qurumlarda çağrı mərkəzlərinin yaradılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Fəaliyyət sahələri üzrə vətəndaşların sorğularının operativ cavablandırılması məqsədi ilə komitənin bütün çağrı mərkəzləri üzrə cəmi 11 minə yaxın müraciət daxil olub.
2007-ci ildən Dünya Bankının dəstəyi ilə həyata keçirilmiş Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi uğurla başa çatdırılıb.
Torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası ilə bağlı respublika üzrə regional İşgüzar Forumlar keçirilib.
Daha sonra müşavirədə fəaliyyət sahələri üzrə ötən il qeydə alınmış bəzi statistik göstəricilər barədə məlumat verilib. Bildirilib ki, 2015-ci ilin yanvar-dekabr aylarında 685
kiçik dövlət müəssisə və obyekti, yarımçıq tikililər və nəqliyyat vasitələri, 456 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 50 pul hərracında 20 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. Ötən dövr ərzində 464 qeyri-yaşayış sahəsi və 298 torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 5 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib.
İllik xüsusi hesabat formasını təqdim etməli olan 6223 səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4353-ü isə elektron formada təqdim edilib. Hesabat dövründə 2857 ədəd Registrdən çıxarış sənədi hazırlanıb.
Dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət, torpaqlardan əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb. 156 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb, 153 min manata yaxın cərimə tətbiq olunub.
2015-ci ilin yanvar-dekabr aylarında 191 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hesabat dövründə 41371 ipoteka müqaviləsi qeydə alınıb.
Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 128322 yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 103753-ü onlayn üsulla həyata keçirilib. Həmçinin əhaliyə xidmətlə bağlı 35325 digər müxtəlif məzmunlu arayışlar verilib. 2015-ci ilin yanvar-dekabr ayları ərzində 137012 daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
Ötən il ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib.
2015-ci ilin yanvar-dekabr aylarında 90-dan çox normativ hüquqi aktın layihələri hazırlanıb.
2015-ci ilin yanvar-dekabr aylarında regionlarda keçirilmiş 12 vətəndaş qəbulunda 452 vətəndaş qəbul edilib.
Müşavirənin sonunda komitə sədri komitənin struktur bölmə və tabeli qurum rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, 2015-ci ildə komitə tərəfindən həyata keçirilmiş uğurlu fəaliyyət bu il də davam etdirilməli və fəaliyyət sahələri üzrə komleks inkişaf təmin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin dövlət büdcəsi ilə bağlı tapşırıq və tövsiyələrinə əsasən maliyyə intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməsi, büdcə və büdcədən kənar vəsaitlərindən qənaətlə istifadə olunması diqqətdə saxlanılmalı və bu istiqamətdə effektiv tədbirlər görülməlidir.
Müasir dövrün tələblərinə uyğun olaraq ölkə büdcəsinin özəlləşdirmədən daxil olan vəsaitlərin hesabına artırılması məqsədilə yeni sahələrin özəlləşdirilməyə açılması ilə bağlı təhlillər aparılmalı və təkliflər hazırlanmalıdır. Özəlləşdirmə potensialı və bu sahədə optimallıq və şəffaflıq daha da artırılmalıdır.
Daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyi sahəsində xidmət səviyyəsinin yüksəldilməsi, xidmətlərdə vətəndaş amilinin maksimum önə çəkilməsi təmin edilməlidir. Rahatlıq və əlçatanlığın təmin olunması istiqamətində görülən tədbirlər daha sürətli və effektiv şəkildə həyata keçirilməlidir. Vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarının gözlənilməsi, xidmət mədəniyyətinin yüksəldilməsi, şəhər və regional idarələrdə vətəndaşların xidmətlərdən razılığı tam təmin olunmalıdır.
Dövlət əmlakının səmərəli idarə olunması, özəlləşdirilməsi və icarəsi prosesi daha da sürətləndirilməli, daxil olan vəsaitlər üzrə 2016-cı il üçün Proqnoz Tapşırıqlarının tam və vaxtında icrası təmin edilməlidir.
İşçilərin əmək potensialının və resursların düzgün bölüşdürülməli, komitənin və onun tabeli qurumlarının işçilərinin əmək məhsuldarlığının qiymətləndirilməlidir. İş keyfiyyəti yüksəldilməli və iş prosesində məhsuldarlığı ilə fərqlənən işçilər stimullaşdırılmalıdır.
Torpaqların elektron uçotu informasiya sisteminin yaradılması üzrə aparılan işlər sürətləndirilməli, bütün kateqoriyalı torpaqların xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində tədbirlər fəal davam etdirilməlidir. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər daha da gücləndirilməlidir.
Daşınmaz əmlakın və torpaqların kadastr uçotuna alınması, daşınmaz əmlakların mükəmməl kadastr məlumat bazasının təkmilləşdirilməsi, ünvan reyestri informasiya sisteminin ölkə üzrə tam fəaliyyət göstərməsi ilə bağlı tədbirlər daha da sürətləndirilməlidir.
Müşavirədə ayrı-ayrı struktur bölmə və qurum rəhbərlərinin görülən işlər barədə çıxışları olub və verilən suallar cavablandırılıb.