Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent. az-a verdiyi məlumata görə, bu gün dəmir yolunun Əlikənd-Ləki mənzilində 9600 metr yolun əsaslı təmirinə başlanılıb.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev bildirib ki, səhər tezdən start götürən təmir işləri on gün davam edəcək.
Qeyd edək ki, Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 291 kilometr yol əsaslı təmir olunub, bunun da 235 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.