Azərbaycanda rabitə xidməti tariflərinin dövlət tərəfindən azaldılması siyasəti bundan sonra da davam etdiriləcək.
«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Tarif (qiymət) Şurasının yeni tariflərin müəyyənləşdirilməsi ilə bağlı ötən gün qəbul etdiyi qərarı jurnalistlərə şərh edərkən bildirib.
Nazir qeyd edib ki, ümumilikdə, son qərarın qəbul olunmasında əsas məqsəd bütün rabitə tarifləri, o cümlədən beynəlxalq telefon danışıqları və digər xidmətlərin tariflərinin aşağı salınması olub.
«Hesab edirəm ki, bu siyasəti davam etdirəcəyik», - deyən Ə.Abbasov əlavə edib ki, bütün dünyada qəbul olunmuş prinsiplərə əsasən, Azərbaycan da mobil rabitə sektorunda olduğu kimi, stasionar telefon rabitəsi sahəsində də danışıq dəqiqələrinin hesablanması sisteminin tətbiqinə çalışır: «Bu həyata keçirilərsə, heç kim itirməyəcək. Lakin hələlik bizim abonentlər buna hazır deyil. Bu məsələyə gələcəkdə baxıla bilər».
Xatırladaq ki, Tarif Şurasının qərarı ilə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib.
Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manatdan 2,5 manata qaldırılıb, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.
Tarif Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilib, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kq) saxlanılıb.
Qeyd edək ki, rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixindən tətbiq ediləcək.