Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əsas fəaliyyət istiqamətləri tam elektronlaşdırılıb.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, hazırda Fond “elektron hökumət” proqramının ən fəal iştirakçılarından biridir və Fondun əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatıb.
“Elektron hökumət” portalının statistikasına əsasən, Fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. Əhalinin daha çox yararlandığı elektron xidmətlər sırasına “Pensiya kapitalı barədə məlumat”, “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi”, “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” adlı xidmətlər daxildir. 2013-cü il ərzində Elektron Hökumət Portalına (www.e.gov.az) 32564 daxil olmadan 83778-i Dövlət Sosial Müdafiə Fondunun (DSMF) saytlarından (www.dsmf.gov.az, www.sspf.gov.az) yönəlmələrin hesabına olub.
Bundan başqa, Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaçıların ən çox müraciət etdiyi xidmətlərdən biridir və artıq 2 ay ərzində 356 nəfərə bu sistem vasitəsilə pensiya təyinatı aparılıb. İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nın bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri, yəni 1 milyon 270 min nəfər pensiyaçı və fərdi hesab açılmış 2 milyon 581 min nəfər sığortaolunan barədə elektron məlumatlar toplanılıb.