Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.
APA-Economics»in xəbər verdiyi kimi, görüşdə Ş.Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar, ölkə iqtisadiyyatının şaxələnməsi, regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunda əldə edilmiş nailiyyətlər, həyata keçirilməkdə olan iri layihələr, məqsədli dövlət proqramları çərçivəsində görülən işlər və s. barədə nümayəndə heyətinə geniş məlumat verib.
Nazir Azərbaycanda EBRD ilə əlaqələrə böyük önəm verildiyini, S.Çakrabartinin bu səfərinin Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Ş.Mustafayev Bank tərəfindən müxtəlif istiqamətlərdə həyata keçirilən layihələrə, xüsusilə özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirdiyini qeyd edib. Bildirilib ki, indiyədək EBRD tərəfindən Azərbaycana 134 layihə çərçivəsində 2,1 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. Bankın Azərbaycandakı fəaliyyəti infrastrukturun inkişafı, enerji, su təchizatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye və turizm sahələrinə yönəlmiş, həmçinin banklara kredit xəttinin açılması, səhm kapitalında iştirak, özəl şirkətlərə birbaşa maliyyə dəstəyi və s. kimi sahələri əhatə edib.
EBRD tərəfindən indiyədək özəl sektorda 125 layihəyə 1,4 mlrd. dollar həcmində vəsait ayrılıb. Qeyd olunub ki, Azərbaycanda beynəlxalq maliyyə institutları, o cümlədən EBRD ilə birgə həyata keçirilən layihələrə xüsusi diqqət yetirilir, bu layihələrdə qabaqcıl beynəlxalq təcrübənin, ən müasir texnologiya və yeniliklərin tətbiqinə, şəffaflığın yüksək səviyyədə təmin edilməsinə böyük önəm verilir.
EBRD-nin Azərbaycandakı kredit portfelinin diversifikasiyası üçün geniş potensialın olduğunu diqqətə çatdıran nazir bu baxımdan 2014-2016-cı illər üzrə Bankın Azərbaycana dair ölkə strategiyasının hazırlanması zamanı qeyri-neft sektorunun inkişafının prioritet olaraq nəzərə alınmasını və strategiyanın «Azərbaycan-2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası ilə uzlaşdırılmasının zəruriliyini vurğulayıb.
Görüşdə ölkədə korporativ idarəetmənin inkişafına böyük önəm verildiyi, korporativ idarəetmə standartlarına keçidin biznes mühitinin inkişafında, birbaşa xarici investisiyaların stimullaşdırılmasında əhəmiyyəti, bu sahədə EBRD ilə əməkdaşlığın məqsədəuyğunluğu qeyd edilib. Həmçinin, dövlət-özəl tərəfdaşlığı çərçivəsində kənd təsərrüfatı sahəsində birgə pilot layihələrin həyata keçirilməsinin, sənaye parklarının fəaliyyətinə, kiçik və orta sahibkarlığa, habelə qadın sahibkarlara dəstək verilməsinin önəmi diqqətə çatdırılıb.
Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Ş.Mustafayev EBRD-nin Direktorlar Şurasının 2017-ci ildə keçiriləcək illik toplantısının Bakıda təşkil olunmasını təklif edib, ölkədə mövcud kadr potensialını nəzərə alaraq, Bankda yaranan vakant vəzifələrə gənc azərbaycanlı mütəxəssislərin cəlb edilməsinin məqsədəuyğunluğunu bildirib.
EBRD prezidenti S.Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, yoxsulluğun azaldılması üzrə Azərbaycanın əldə etdiyi nəticələrin dünyada ən yüksək göstəricilərdən olduğunu vurğulayıb. EBRD prezidenti Azərbaycana dair ölkə strategiyasının «Azərbaycan-2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının iqtisadiyyatın diversifikasiyası prioritetlərinə uyğunlaşdırılmasını, ölkədə korporativ idarəetmənin genişləndirilməsi üzrə əməkdaşlığı dəstəklədiyini bildirib, kiçik və orta sahibkarlığın, xüsusilə qadın sahibkarların təşəbbüslərinə önəm verdiyini qeyd edib.
S.Çakrabarti EBRD qərargahında Azərbaycan günlərinin keçirilməsi təklifini irəli sürüb, Azərbaycan tərəfinin Bankın Direktorlar Şurasının illik toplantısının Bakıda təşkil edilməsi təklifindən məmnunluğunu ifadə edib və Bankın sürətlə inkişaf edən Azərbaycanla əməkdaşlığının daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulayıb.