Dünya İqtisadi Forumunda Azərbaycanın uğurları açıqlandı
16 sentyabr 2013 11:31 (UTC +04:00)

Dünya İqtisadi Forumunda Azərbaycanın uğurları açıqlandı

Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak edib

 

Sentyabrın 11-13-də Çin Xalq Respublikasının (ÇXR) Dalyan şəhərində Dünya İqtisadi Forumunun yeddinci illik iclası  keçirilib.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, “Yay Davosu” hesab edilən iclasda 90-dan çox ölkədən 1600-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, nazirlər, regional təşkilatların və iri şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

 

İclas hökumət qurumları, özəl sektor, beynəlxalq və regional iqtisadi qurumlar arasında müxtəlif mövzularda müzakirələrin aparılması baxımından yaxşı imkan hesab olunur. Forumun məqsədi dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərin və inkişaf modellərinin tətbiqi əsasında inkişaf etdirilməsi yollarının müzakirəsi olub. “Yay Davosu”, həmçinin qərar qəbul edən şəxslər, dinamik inkişaf edən şirkətlərin strateqləri və liderləri arasında fikir mübadiləsi üçün də əlverişli imkandır. Dalyandakı Beynəlxalq Konfrans Mərkəzində təşkil olunan iclasın açılış mərasimində Çinin Dövlət Şurasının sədri (baş nazir) Li Keçyan, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab çıxış ediblər.

 

Son illər Azərbaycanın Dünya İqtisadi Forumunun işində fəallığı, xüsusən Prezident İlham Əliyevin forumun iclaslarında şəxsən iştirakı ölkəmizə olan marağı xeyli artırıb. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda iclası bu ilin aprelində Bakıda keçirilib. Ölkəmiz bu tədbiri təşkil etməklə regionun iqtisadi cəhətdən aparıcı ölkəsi olduğunu beynəlxalq arenada bir daha təsdiq edib.  Dalyanda keçirilən illik iclasda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, ölkəmizin Çindəki səfiri Lətif Qəndilov və digər şəxslərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan nümayəndə heyətinin üzvləri iclasın “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi görüşü: növbəti sərhədlərin yaradılmasına dair inkişaf”, “Rəqəmli iqtisadiyyatın qorunması”, “22-ci əsrdə İpək Yolunun kəşfi"”, habelə enerji, kibermöhkəmlilik, rəqəmsal infrastrukturun çatdırılması və digər mövzulardakı müzakirələrdə çıxışlar edib, ölkəmizin dinamik inkişafı, son illər müxtəlif sahələrdə əldə olunan nailiyyətlər barədə danışıblar.

 

İclas iştirakçılarına məlumat verilib ki, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtisadi baxımdan dinamik inkişafa nail olunub. Həyata keçirilən islahatlar nəticəsində əlverişli sərmayə mühiti yaradılan, bu da öz növbəsində bazar iqtisadiyyatının inkişafına yol açıb. Eləcə də ümumi daxili məhsulun (ÜDM) həcmi bir neçə dəfə artıb, ölkənin valyuta ehtiyatları rekord həddə çatıb, inkişaf və rəqabət qabiliyyətlilik, yoxsulluğun aradan qaldırılması və adambaşına düşən ümummilli gəlirin artım göstəriciləri üzrə ciddi irəliləyişlər əldə edilib. Bir neçə il əvvəl borc alan ölkə olan Azərbaycan hazırda özü borc verən dövlətdir və bir sıra ölkələrin iqtisadiyyatına sərmayə yatırır. Bu ilin fevralında ilk milli rabitə peykini orbitə çıxaran Azərbaycan kosmik sənayesi olan ölkələr sırasına qoşulub. Çıxışlarda qeyd olunub ki, bu nailiyyətlər beynəlxalq iqtisadi və maliyyə qurumlarının hesabatlarında da əksini tapıb. Belə ki, Dünya İqtisadi Forumunun son “Qlobal rəqabət qabiliyyətlilik 2013-2014” reytinqinə əsasən, Azərbaycan dünya ölkələri sıralamasında 39-cu mövqeyə yüksəlib. 2008-2009-cu illər dünya maliyyə böhranı zamanı bir çox ölkələr ciddi iqtisadi çətinliklərlə üzləşsələr də, Azərbaycan müsbət iqtisadi inkişaf trendini qoruyub saxlayıb və yuxarı orta gəlirli ölkələr sırasına qoşulub. Azərbaycanın liderliyi ilə reallaşan bir sıra enerji və nəqliyyat layihələri təkcə bölgə üçün deyil, dünya iqtisadiyyatı üçün əhəmiyyətlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810
avatar

Oxşar yazılar