Bakıda Dövlət Sosial Müdafiə Fondunun və Caspian European Club-un təşkilatçılığı ilə Azərbaycanda pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərinə həsr olunmuş biznes-forum keçirilib.
DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, biznes-forumda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib ki, Caspian European Club çərçivəsində bu cür forumların keçirilməsi dövlət qurumlarıyla özəl sektor arasında daha da sıx əməkdaşlığın yaranmasına xidmət edir. Bu isə öz növbəsində ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir.
Görüşün əvvəlində Elman Mehdiyev DSMF-nın fəaliyyəti barədə geniş məlumat verib. Tədbirdə həmçinin pensiya təminatı sistemindəki islahatlar, eləcə də Caspian European Club üzv şirkətlərini maraqlandıran suallar müzakirə olunub.
E. Mehdiyev ötən dövrdə prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial-iqtisadi siyasət və sürətli islahatların həyata keçirildiyini qeyd edərək vurğulayıb ki, Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur. Pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” ilə müəyyən olunub və Konsepsiyanın icrası çərçivəsində Dövlət Sosial Müdafiə Fondu sosial tərəfdaşlarla ictimai müzakirələrin təşkilinə geniş yer ayırır. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunda xüsusi əlaqələndirmə komissiyası fəaliyyət göstərir.
Yeni konsepsiya çərçivəsində nəzərdə tutulan tədbirlər planından ətraflı söz açan E. Mehdiyev bildirib ki, pensiya sistemində sosial sığorta prinsiplərinin dərinləşdirilməsi, məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun optimallaşdırılması, könullü sosial sığorta haqqının ödənilməsi şərtlərinin müəyyənləşdirilməsi kimi islahat tədbirlərinin reallaşdırılması prosesində belə görüşlərin keçirilməsi Fond və sığortaedənlər arasında səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club üzvlərinin təklif və xahişlərinə göstərilən diqqətə görə Elman Mehdiyevə təşəkkürünü bildirib.
O qeyd edib ki, Caspian European Club 2002-ci ilin iyun ayında Caspian Energy International Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. T. Əliyevin sözlərinə görə, Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə xidmət göstərir. Tərkibində dünyanın 50 ölkəsində fəaliyyət göstərən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dövlət strukturları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə Caspian European Club-un fəxri üzv sertifikatı təqdim olunub. Caspian European Club-un yeni üzv şirkətlərinə də sertifikatlar verilib. Caspian European Club-un biznes forumunda Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik qurumların nümayəndələri və şirkət rəhbərləri iştirak ediblər.