2016-cı il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501 min 700 nəfər olub, onlardan 891 min 300 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610 min 400 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, muzdla işləyənlərin 22,6%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,5%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2016-cı ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6% artaraq 489,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Xatırladaq ki, 2016-cı il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501 min 600 min nəfər olub, onlardan 891 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610 min 600 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Beləliklə, mayda dövlət sektorunda işləyənlərin sayı 300 nəfər artıb, özəl sektorda işləyənlərin sayı isə 200 nəfər azalıb.