“Şəhriyar-99” firmasında məhsul istehsalı qadağan edilib
“Şəhriyar-99” firmasında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Lent.az-ın Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin saytına istinadən verdiyi məlumata görə, komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən polad əritmə və tökmə, 6 və 8 mm.lik polad yuvarlaq, çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri istehsalı ilə məşğul olan şirkətdə dövlət nəzarəti tədbirləri keçirilib. Araşdırma zamanı məlum olub ki, firmanın istehsal sahəsi 6 və 8 mm.lik polad yuvarlaq (katinka) istehsalı üçün nəzərdə tutulub. Lakin müəssisədə çoxpilləli seksiyalı mərkəzdənqaçma nasosları və mancanaq dəzgahlarının hissələri də istehsal olunub.
Sözügedən məhsullar uyğunluq sertifikatı olmadan istehsal edilib ki, bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsinin tələbi pozulub. Həmçinin polad yuvarlaqları istehsal edən dəzgahların ehtiyat hissələrinin hazırlanmasında istifadə olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi müəyyən olunub. Bununla da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında ” Azərbaycan Respublikasını Qanununun tələbləri pozulub.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və məhsulların istehsalına qadağa qoyulub.