Bakı Baş Gömrük İdarəsində iş adamları ilə görüş keçirilib. Komitədən Lent.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlıq müxtəlif sahələrdə problemlərin birgə həll edilməsinə müsbət təsir göstərir.
Sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirən Ş.Bağırov gömrük orqanları və iş adamları arasında ənənəvi görüşlərin də ümumi işə faydasını, həmçinin gömrükxidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu vurğulayıb. Son dövr ölkədə baş verən iqtisadi proseslər, eləcə də idxal-ixrac əməliyyatlarının vəziyyətinə toxunan Komitə sədrinin müavini iş adamları ilə budəfəki görüşün məqsədinin də bu sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğunu bildirib.
Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov ölkəmizdə iqtisadiyyatın davamlı inkişafının təmin edildiyini və bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da önəmli rol oynadığını vurğulayıb. Ölkədə neft sektorundan asılılığın aradan qaldırılması istiqamətində aparılan islahatlardan bəhs edən V.Novruzov qeyd edib ki, bunun üçün şübhəsiz ki, daxili istehsal inkişaf etməlidir. Daxili istehsalın bir çox növlərinin xaricdən idxal olunan xammal və komponentlərin hesabına formalaşdığını nəzərə alaraq bu sahədə iş adamları ilə qanun çərçivəsində əməkdaşlıq etməyə hazırıq. Məqsədimiz yerli istehsal hesabına ixrac potensialının gücləndirilməsinə köməklik göstərməklə öz töhfəmizi verməkdir.
Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildirib və müəyyən təkliflərlə çıxış ediblər.
Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İlyas Quliyev iştirak edib.