Müasir Azərbaycan dövlətçiliyinin rəmzlərindən olan Dövlət Bayrağı sığortalanacaq. Lent.az-ın məlumatına görə, bunu fins.az-a açıqlamasında Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Qəzənfər Qasımov bildirib. Dövlət Bayrağı dirəyinin indiyədək sığortalanmadığını açıqlayan aparat rəhbəri bildirib ki, bununla bağlı işlərə aprel ayından başlanacaq: “Bu ilin aprel ayında məsələ ilə bağlı Maliyyə Nazirliyinə rəsmi şəkildə məktub ünvanlayacağıq. Müsbət cavab aldıqdan sonra uyğun sığorta şirkəti ilə müqavilə bağlayacağıq".
Xatırladaq ki, Azərbaycan Dövlət Bayrağı Meydanında yerləşən Bayraq dirəyinin hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. 2010-cu ilin mayında Ginnes dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanın yeri dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
İri qurğuların sığortası üzrə ixtisaslaşan ekspertlərin sözlərinə görə, analoji qurğular adətən tikintisinə çəkilən xərc məbləğində sığortalanır. Bayraq Meydanının tikintisi üçün ayrı-ayrı vaxtlarda ümumilikdə 20 milyon manat ayrılıb. Bayraq Dirəyinin özünə gəlincə, qülləni tikən şirkətin meneceri Devid Çembers hələ tikinti dövründə BBC-yə müsahibəsində bildirmişdi ki, bayrağın 162 metrlik dirəyi 2-4 milyon manata başa gələcək.
Dövlət Bayraq dirəyi sığortalanacaq
1223