Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, A. Əliyev regionda neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həllinin məhz Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olduğunu, o cümlədən nəqliyyat məsələlərinin həllində də böyük işlər görüldüyünü bildirib və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsini tarixi hadisə kimi qiymətləndirib.
İki qonşu ölkənin ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən aqrar sahədə inkişafından məmnunluqla söhbət açan Komitə sədri əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcminin də ildən-ilə artdığını sevindirici hal kimi dəyərləndirib.
DGK sədri A.Əliyev bildirib ki, ölkələr arasında bütün sahələrdə olduğu kimi, gömrük müstəvisində də qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir və müsbət məcrada inkişaf edən bu münasibətlərin davamlılığının təmin olunması zəruridir.
Gürcüstanın kənd təsərrüfatı naziri Ş. Pipiya Azərbaycana səfərindən və Bakı şəhərinin timsalında ölkədə görülən böyük işlərdən məmnunluğunu bildirib. İki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəd keçid məntəqələrində yarana biləcək problemlərin yerindəcə həlli, bu istiqamətdə birgə səylərin artırılması, həyata keçiriləcək konkret tədbirlərlə bağlı məsələləri müzakirə ediblər.