Dövlət Statistika Komitəsi bu ilin birinci yarısında sənayenin işi haqqında məlumat yayıb.
Lent.az-ın verdiyi məlumata görə, ölkənin sənaye sahələrində 2013-cü ilin birinci yarısında 16,9 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Sənayenin qeyri-neft sahələrində 2,9 faizlik artım, neft sektorunda isə 0,3 faizlik azalma müşahidə olunub. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.
Altı ay ərzində 21,8 milyon ton neft, 8,9 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompüter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və başqa məhsulların istehsalında daha çox artım əldə olunub.