Türkiyənin BOTAŞ şirkətinin "Şahdəniz" layihəsi də daxil olmaqla 3 tenderin keçirilməsi zamanı qanunsuzluğa yol verməkdə təqsirləndirilən 21 nəfərin məhkəməsi davam etdirilib.
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, qanunsuzluq baş verdiyi tenderlər "Şahdəniz" qazının nəqli üçün nəzərdə tutulan Bakı-Tiflis-Ərzurum boru kəməri üzərində Ərdahan (Hanak) Kompressor stansiyası və Türkgözü Qazölçmə Mərkəzinin inşası ilə bağlı olub.
Təqsirləndirilən şəxslər arasında BOTAŞ-ın İdarə Heyətinin sabiq üzvləri də var. Ankarada keçirilən prosesdə 15 təqsirləndirilən şəxs və onların vəkilləri iştirak edib.
BOTAŞ İdarə Heyətinin sabiq üzvü Salih Paşaoğlu tenderdə hər hansı qanunsuzluğa yol vermədiklərini deyərək, barəsində bəraət qərarının verilməsini istəyib.
Digər təqsirləndirilənlər də ifadələrində azadlığa buraxılmalarını xahiş ediblər.
Prosesdə vəkillər müdafiə çıxışını hazırlamaq üçün vaxt istəyiblər. Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.
Qeyd edək ki, BOTAŞ İdarə Heyəti üzvlərinin 10 ildən 24 ilədək azadlıqdan məhrum edilməsi tələbləri ilə cinayət işi başlayıb. Onlar tenderdə qanunsuzluğa yol vermək, sənədləri saxtalaşdırmaqda təqsirləndirilirlər.