Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin nəqliyyat naziri Hayrulla Asozoda ilə görüşüb.
“APA-Economics”in Tacikistan Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, görüş zamanı tərəflər nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə əsasən Azərbaycan ərazisindən keçməklə Tacikistan üçün yükdaşımaların dəmir yolu ilə daşınması tarifləri, eləcə də Bakı və Düşənbə arasında birbaşa aviarabitənin bərpası məsələlərini müzakirə olunub. Aviarabitə sahəsində əməkdaşlıq kontekstində hər iki ölkənin paytaxtlarının tranzit şəhərlər qismində istifadə olunma imkanları nəzərdən keçirilib. Bildirilib ki, iki ölkənin Nəqliyyat nazirliklərinin profil idarələri qeyd edilən məsələlərin həlli üçün mexanizm hazırlamalıdır.
Qeyd edək ki, Azərbaycanla Tacikistan arasında bu ilin birinci rübü ərzində ticarət dövriyyəsinin həcmi 10,2 mln. ABŞ dolları ötüb. Bu, 2013-cü ilin analoji dövründən 5 dəfə yüksək göstəricidir.