Bakıda yeraltı avtomobil tuneli istifadəyə verilib
28 dekabr 2012 18:19 (UTC +04:00)

Bakıda yeraltı avtomobil tuneli istifadəyə verilib

Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib

 

Bakının Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tuneli istifadəyə verilib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev açılışda iştirak edib. Nəqliyyat Naziri Ziya Məmmədov dövlət başçısına tunel tipli yol qovşaqlarının layihəsi barədə məlumat verib.

 

Bildirilib ki, bu layihə metronun “Gənclik” stansiyasının ətrafındakı “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin olunmasını nəzərdə tutur. Layihə üzrə bu ərazidə 6 girişi, 10 çıxışı, ümumi uzunluğu 2470 metr olan 6 tunel tipli yol qovşağının, 10 piyada keçidinin inşası nəzərdə tutulmuşdur. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospektini Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinə birləşdirəcək. Beləliklə, Təbriz küçəsindən hərəkət edən avtomobillər “Gənclik” dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin avtomobilləri Xoyski prospektinə qısa döngələrlə istiqamətləndirmək mümkün olacaq. Vaqif prospektindən gələn avtomobillər Xoyski prospektinin altından keçərək, gələcəkdə tikintisi nəzərdə tutulan, ümumi sahəsi 280 min kvadratmetr, 400 avtomaşınlıq, üçmərtəbəli yeraltı avtomobil dayanacağından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcək.

 

Qeyd edilib ki, layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kvadratmetrdir. Layihə tamamlandıqdan sonra “Qələbə meydanı” adlanan ərazidə hərəkətin intensivliyi xeyli artacaqdır. Vaqif prospektində inşa edilən yol qovşağı metronun “Gənclik” stansiyasının mövcud tuneli üzərindən keçir.

Diqqətə çatdırılıb ki, beynəlxalq standartlara uyğun layihələndirilmiş tunellərin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınıb. Layihəyə uyğun olaraq ərazidə infrastruktur tamamilə yenilənib. Mövcud çoxsaylı kommunikasiya xətləri dəyişdirilmiş və daha müasirləri ilə əvəz edilib. Layihə üzrə qazma işləri 80 faiz, 5 tuneldə yeraltı qazma-betonlama işləri isə 100 faiz tamamlanıb. Layihəyə əsasən metronun “Gənclik” stansiyasında əlavə iki yeni piyada çıxışının inşası planlaşdırılıb. İlk olaraq metronun “Gənclik” stansiyasının Atatürk prospektinə çıxışının “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilib.

 

Dövlət başçısı Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində istifadəyə verilən yeraltı avtomobil tunelinin rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, tunelin ümumi uzunluğu 546, eni 16,5 metr, hərəkət zolaqlarının sayı isə dörddür. Hərəkət zolağında isə çoxlu sayda istiqamətverici işıqlar quraşdırılıb. Tuneldə fasiləsiz enerji təminatı məqsədi ilə generatordan istifadə olunub. Burada istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperatura davamlı olan materiallardan hazırlanıb. Ərazidə tikinti işləri tam başa çatdıqdan sonra buradakı park əsaslı şəkildə yenidən qurulacaq.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

# 2281
avatar

Oxşar yazılar