Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Business Cem” Sement İstehsalçıları Birliyinin birgə təşkilatçılığı ilə Avrasiya Sement İstehsalçılarının Forumu keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Forumda 14 ölkədən sement istehsalı sahəsində fəaliyyət göstərən 70-dən çox iri şirkətin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, yüksək templi iqtisadi artıma nail olunduğunu, son 10 ildə ÜDM-nin 3,4 dəfə artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, tikinti materialları istehsalı ölkə sənayesinin əsas sahələrindən biridir. Bu dövr ərzində tikinti materialları istehsalı 2.5 dəfə, o cümlədən sement istehsalı 2.3 dəfə artıb. Tikinti materiallarının istehsalı üzrə sahibkarlığın inkişafı daim diqqətdə saxlanılıb və bunun nəticəsidir ki, bu sahədə məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 94%-ə yüksəlib. O bildirib ki, bu günkü forum sement istehsalçıları arasında əlaqələrin inkişafında, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib, AZPROMO-nun nümayəndəsi Ömər Əfəndiyev isə “Azərbaycanda biznes mühiti və tikinti sektoru” mövzusunda geniş təqdimatla çıxış edib. Forumda təmsil olunan şirkətlərin iştirakı ilə “Sementin xüsusi növlərinin istehsalı və tətbiqi” mövzusunda Dəyirmi Masa və müzakirələr keçirilib. İki gün davam edəcək Forum çərçivəsində “Sement sənayesi və bazarı” 24-cü Beynəlxalq Sərgi keçirilir.