“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin icra vəziyyətindən danışıb.
Lent.az-ın verdiyi məlumata görə, Azərbaycanın daha çox önəm verdiyi beynəlxalq layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin reallaşması məsələsi Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir.
Arif Əsgərov deyib ki, bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaq. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının tikintisinin başa çatdırılması üçün işlər qrafik üzrə aparılır. Yolun birinci və ikinci mərhələsində işlər tamamlanıb, hazırda üçüncü mərhələdə işlər davam etdirilir. Eyni zamanda Gürcüstan və Türkiyə arasında 4,3 km uzunluğunda tunelin tikintisi davam etdirilir. Yolun Türkiyə hissəsində 2,2 km məsafədə işlər başa çatdırılıb, Gürcüstan hissəsində 200 metrə qədər məsafədə qazıntı işləri aparılır. Gürcüstan sərhədindəki Kartsaxi stansiyasında 18 km yeni yol və manevr işləri aparmaq üçün stansiyada 7 yol qoyulub: “Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsinin tikintisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Dəmiryolservis” MMC-nin kollektivi podratçı təşkilat kimi iştirak edir. Layihə tam olaraq 2014-cü ildə istismara veriləcək”.