Azərbaycanda dolların məzənnəsinin bahalaşması, eyni zamanda avtomobillərin qiymətlərinin artmasına və gələcəkdə tələbatın azalmasına gətirib çıxara bilər. Bunu Trend-ə Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, devalvasiya ölkənin avtomobil bazarına iki formada təsir edəcək: "Yeni idxal edilən avtomobillərin, eləcə də təkrar bazarda istifadədə olmuş avtomobillərin qiymətləri məsələləri aktuallaşacaq. Yeni avtomobillər üzrə artıq müəyyən siqnallar var və bu gündən onların modelindən, növündən və s. asılı olmayaraq, qiymət artımı qeydə alınır. Bu, təbii prosesdir, çünki həmin avtomobillər Azərbaycana xaricdən idxal edilir, dolların kəskin bahalaşması idxal edilmiş mallar üçün təsirsiz ötüşə bilməz".
Təkrar bazarda avtomobillərin alqı-satqısı ilə bağlı vəziyyətə gəlincə, R.Osmanlı bildirib ki, bu, daha gərgin olacaq: "Ola bilsin ki, ilkin mərhələdə satıcılar köhnə avtomobilləri və yerli istehsallı avtomobillərin dollarla ifadədə qiymətini artırmağa çalışsın, lakin sonra qiymətlər kəskin düşəcək".