ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaları kimi təhlükəsizlik tələb edən xidmətlərin istifadəsi qaydası dəyişir
Vergilər Nazirliyinin nəzdində müasir tipli elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi (Asan SXM) yaradılıb və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akkreditə edilib.
Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Asan SXM “Rəqəmsal İD” adlandırdığımız elektron imza kartları üzərindən xidmət göstərmək imkanına malikdir.
Bu kartlar bütün əməliyyat sistemlərini (MS Windows, Unix, Mac OS) dəstəkləyir. Bundan əlavə, Asan SXM Mobil-İD Mərkəzi və Mobil operator vasitəsilə Mobil imza (“Asan İmza”) xidmətini də təqdim edir. Bu xidmət üçün xüsusi SİM kartdan istifadə olunur. Həmin SİM kart həm telefon nömrəsinin, həm də elektron imza yaratma məlumatlarının fiziki daşıyıcısıdır.
Asan İmza (Mobil İmza) xidməti - elektron xidmətləri həyata keçirən istifadəçinin mobil telefon vasitəsilə autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza SİM kartlarını mobil operatorların (hələlik yalnız Azercell) müştəri xidmətlərindən və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN Xidmət Mərkəzlərindəki mobil operator nümayəndəsindən əldə etmək olar. Bundan sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, Ərazi Vergi İdarələrinin və Departamentlərinin Vergi ödəyicilərinə xidmət şöbələrində və ya ASAN xidmət mərkəzlərindəki Vergilər Nazirliyinin nümayəndəsindən müqavilə bağlayaraq elektron imza üçün təkmil sertifikat almaqla Asan imza xidmətini aktivləşdirmək olar.
Vergilər Nazirliyi nəzərə çatdırıb ki, istifadəçi kodu, parol və şifrə vasitəsilə sistemə daxil olmaq, müasir beynəlxalq təhlükəsizlik standartlarının tələblərinə cavab vermədiyindən və istifadəsi zamanı problemlər yarandığından ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaları kimi təhlükəsizlik tələb edən xidmətlərin istifadəsi yaxın zamanlarda yalnız Asan İmza vasitəsilə mümkün olacaq.