Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq yanvarın 7-dən ölkədə banklararası hesablaşmalarda istifadə olunan bütün bank hesabları standart bank hesab nömrəsinə (İBAN) keçirilib və real rejimdə istifadəyə başlanılıb.
Mərkəzi Bankın Kommunikasiya Departamertindən Lent.az-a verilən məlumata görə, İBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş “İSO 13616” beynəlxalq standartına uyğun olaraq yaradılan standart bank hesab nömrəsidir.
İBAN hal-hazırda Avropa ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Tunis, MDB ölkələrindən Qazaxıstan və Gürcüstan da daxil olmaqla 61 ölkədə tətbiq edilir. Mərkəzi Bank tərəfindən ölkədə maliyyə institutlarının bank hesablarına IBAN-ın tətbiq edilməsi barədə qərarı 17 iyun 2010-cu il tarixində qəbul edilmişdir. İBAN-a keçidin təmin edilməsi məqsədilə Mərkəzi Bankın, aparıcı kommersiya banklarının, Banklar Assosiasiyasının və müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılmış və Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq, ödəniş sistemlərinin iştirakçıları üçün açılmış müxbir və submüxbir hesablar 2012-ci ilin mart ayından etibarən İBAN strukturuna keçirilərək real rejimdə istifadəsinə başlanılıb.