Məhərrəm ayı girəndən qızılın qiymətində azalmalar müşahidə olunur. APA TV-nin xəbərinə görə, qiymətli metalın alışı və satışı ilə məşğul olan satıcılar hesab edir ki, qızılın qiymətinin aşağı düşməsində iki amil əsas rol oynayır. Əgər birincisi Məhərrəm ayında toyların olmamasıdırsa digər bir səbəb dünya bazarında qızılın qiymətinin azalmasıdır. Uzun illərdir qızıl satışı ilə məşğul olan Sona Əhmədova deyir ki, dünya bazarında qiymətli metalın ucuzlaşması Azərbaycana da nəzərə çarpacaq dərəcədə təsir edib: "Təxminən 3-5 dollar arası ucuzlaşma olub. Bir ay bundan öncə 585 əyarlı qızılın bir qramı 35 manata satılırdısa, indi 28-29 manata təklif olunur. Daha çox tələbat olan İtaliya qızılının bir qıramı isə 44-45 idisə indi 37-38 manata kimi ucuzlaşıb".
Qeyd edək ki, Azərbaycan qızılın idxalçısı olduğundan dünyada qızılın qiymətindəki bir faiz artım və ya azalma ölkəmizədən də yan keçmir. Qiymətlərin enməsi alıcıların sayına da təsirsiz ötüşməyib. Ticarət mərkəzlərinin qızıl bölmələrində canlanma var. Əvvəllər gün ərzində 20-40 adam gəlirdisə, indi bu göstərici bir qədər artıb. Alıcılar isə daha çox türk qızılına üstünlük verirlər. Bunun da müxtəlif səbəbləri var.
"İndi daha çox türk qızılı alırlar. Ona görə ki, türk qızılının formaları daha gözəl olur. Müasir naxışlarla işlənir. deyim formaya daha çox üstünlük verir alıcı".
Mütəxəssislərin bildirdiyinə görə, əsasən ölkəmizə qızıl məmulatlarını Rusiya, Türkiyə, İtaliya və Birləşmiş Ərəb Əmirliyindən gətirirlər. Qızıl ticarəti ilə məşğul olnalar deyir ki, dünya bazarlarında qızılın ucuzlaşmasına əsas səbəb kimi Amerika Birləşmiş Ştatlarında büdcə böhranı ilə bağlı pozitiv gözləntilərdir. Əgər hadisələr əksinə inkişaf edərsə və ABŞ-da böhran dərinləşərsə, investorların dollara inamını itirməsi qızılı bahalaşdıra bilər. qeyd edək ki, ekspertlər bunu ən təhlükəli variant hesab edirlər.