Azərbaycanda pilot taxılçılıq təsərrüfatları yaradılacaq
18 sentyabr 2013 15:45 (UTC +04:00)

Azərbaycanda pilot taxılçılıq təsərrüfatları yaradılacaq

Azərbaycanda Beyləqan və Ağcabədi rayonlarında ümumilikdə 4800 hektar ərazidə pilot taxılçılıq təsərrüfatları yaradılacaq. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, inkişaf etmiş bütün dövlətlərdə ərzaq böhranı baş verir. Azərbaycanda bunun baş verməməsi üçün ölkə prezidenti İlham Əliyev iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Torpaq və Xəritəçəkmə Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tapşırıqlar verib. Digər ərazilərdə də taxılçılıq təsərrüfatının yaradılması üçün işlərin aparıldığını deyən Q. Məmmədov qeyd edib ki, 3 hektar ərazidə yüksək məhsuldarlıq əldə edilə bilməz: “Kollektor sistemi olmasa, hər bir kiçik fermer bunu həyata keçirə bilməz və Azərbaycanda məhsul əldə etmək olmaz. İri taxılçılıq təsərrüfatlarını yaratmaqda da məqsəd odur ki, bunlar hamısı birləşsin və müasir səviyyəli təsərrüfat əldə edilsin. Bundan başqa, fermerlərin birləşməsi söhbəti də gündəmdə durur. Milli Məclisdə bununla bağlı qanun layihəsi hazırlanıb. Yeni qanun layihəsinə əsasən, hər kəs öz torpaq sahəsi qədər əmlak payı almaqla, birləşməlidir. Təsərrüfatdan başı çıxan fermerlər buna rəhbərlik etməli və hər kəs də öz torpağına görə məhsul götürməlidir”.
Q. Məmmədov vurğulayıb ki, Azərbaycanda daha bir neçə rayonda taxılçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, yeni təsərrüfatlar Salyan, Bərdə, Şəmkir, Ağcabədi, Şəki, Qax və digər rayonlarda yaradılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar