Xəbər verildiyi kimi, ilin əvvəlindən ölkənin ən iri hasilat şirkəti– “BP-Azərbaycan” öz ştatının azaldılmasına başlayıb və birinci ay 255 əməkdaşı işdən çıxarıb.
Lent.az-ın “Turan” agentliyinə istinadən məlumatına görə, ixtisara düşən işçilərdən heç biri şirkət rəhbərliyinə qarşı hər hansı iddia irəli sürməyib. Belə ki, verilən kompensasiya onları tam qane edib. Kompensasiyaya iki amil təsir göstərib: iş stajı və işçinin ixtisası (dərəcəsi).
Ən böyük həcmdə kompensasiyanı şirkətin 18 il əmək stajına malik olan qadın əməkdaşı alıb. Onun “birdəfəlik qonorar”ı 100 min manata yaxın olub. Üstəlik bu pullara vergi şamil edilmir, hamısını şirkət özü ödəyir.
Bundan əlavə, “BP-Azərbaycan” əməkdaşlarının sosial müdafiəsi məqsədilə görünməmiş aksiya təşkil edib. İxtisar olunanlar arasında kredit borcları olan şəxslərin borclarının bir hissəsini 14 ay müddətində ödəmək qərarına gəlib. Bu həmçinin ipoteka kreditlərini ödəyənlərə də şamil edilib.
“Hesab edirik ki, bizim əməkdaşlar şirkətdəki dayanıqlı və perspektivli işə arxayın olaraq öz üzərlərinə maliyyə riski götürüblər. Lakin obyektiv səbəblərdən onlar işlərini davam etdirə bilmədilər. Odur ki, keçmiş əməkdaşlarımıza yardım etmək qərarına gəldik”,– ВР-Azərbaycan-ın adının açıqlanmasını istəməyən menecerlərindən biri Turan-a bildirib.
Qeyd edək ki, martın sonlarına qədər “ВР-Azərbaycan” ümumilikdə 422 nəfəri işdən çıxaracaq.