Azərbaycanda banklarla bağlı yeni ixtisaslaşdırılmış qurum yaradıla bilər
27 dekabr 2012 11:36 (UTC +04:00)

Azərbaycanda banklarla bağlı yeni ixtisaslaşdırılmış qurum yaradıla bilər

İipoteka kreditlərinə çıxış genişləndiriləcək, güzəştli ipoteka alınması imkanları artırılacaq

 

Gələn il bankların məcmu kapitalının minimum məbləğinə dair Mərkəzi Bankın müəyyən etdiyi yeni tələbə uyğunlaşması təmin ediləcək. Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, bu proses bankların kapital mövqeyinin möhkəmləndirilməsinə və kapitalın keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradacaq.

 

Yeni kapital tələbi sektorun konsolidasiyası və restrukturizasiyasına imkan verməklə, iqtisadiyyata daha ucuz və çeşidli bank məhsullarının ötürülməsinə, əmanətçilər və investorların maraqlarının daha effektiv qorunmasına xidmət edəcək. Bununla bağlı xüsusi kommunikasiya strategiyası həyata keçiriləcək. Bank sisteminin dayanıqlığının, problemli aktivlərlə işin səmərəliliyinin artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə əsasən ixtisaslaşdırılmış qurumun yaradılması imkanları da araşdırılacaq. Banklarda risklərin idarə edilməsi sistemlərinə, menecmentin kompetensiyalarına, texnoloji və kadr potensialına tələblər yüksəldiləcəkdir. Maliyyə xidmətləri istehlakçılarının maraqlarının müdafiəsi sisteminin gücləndirilməsinə xüsusi diqqət yetiriləcəkdir. Əhalinin yığımlarının müdafiəsi məqsədilə əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi həyata keçiriləcək.

 

Ölkədə ipoteka kreditləşdirilməsi sisteminin inkişafı istiqamətində tədbirlər davam etdiriləcək. Bu tədbirlər ipoteka kreditlərinə çıxışın genişləndirilməsi, xüsusən də güzəştli ipoteka alınması imkanlarının artırılması istiqamətində olacaq. Alternativ ipoteka mexanizmlərinin tətbiqi imkanları da araşdırılacaq.  Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi də Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaqdır. Milli Ödəniş Sisteminin əsas komponentlərinin davamlı fəaliyyəti və inkişafı təmin ediləcəkdir. Vergi, rüsum, icarə haqqı, digər ödənişlərin dövlət qurumlarına elektron formada ödənilməsinin təmin  edilməsi məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”na növbəti ildə də aidiyyatı qurumların inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcək.

2013-cü ildə də Mərkəzi Bank üçün makroiqtisadi və maliyyə sabitliyinin qorunması, bu əsasda iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi əsas prioritetlər olacaq. Mərkəzi Bank qarşıdakı ildə də birrəqəmli inflyasiya səviyyəsinin saxlanmasına dəstək verəcək, bank sektorunda maliyyə dayanıqlığının qorunmasını təmin edəcək, sektorun maliyyə dərinliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

# 991
avatar

Oxşar yazılar