Azərbaycan ötən il İsraildən silah və hərbi texnika idxalı həyata keçirib. APA-nın öz hərbi mənbələrinə istinadən verdiyi məlumata görə, 2012-ci ildə tərəflər arasında imzalanmış müqavilələr üzrə İsraildən böyük həcmdə atıcı silahların, rabitə vasitələrinin, raket və pilotsuz sistemlərin satın alınması baş tutub.
Ötən il İsraildən alınmış atıcı silahlar arasında UZİ markalı tapança-pulemyotlar, TAR-21 “Tavor” hücum tüfənginin müxtəlif modifikasiyaları, “Negev” tipli əl pulemyotları, snayper tüfəngləri, raket kompleksləri, müxtəlif çaplı artilleriya sistemləri, komanda-kontrol sistemləri yer alıb.
2012-ci ildə Azərbaycan İsrailin “Aeronautics” firması ilə ölkə daxilində “Orbiter 2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarının istehsalını reallaşdırmaqla yanaşı, İsrailin “Elbit Systems” firmasından “Heron” və “Hermes-900” tipli yeni pilotsuz aparatlar əldə edib. Sifarişlərin bir qisminin çatdırılması 2013-cü il ərzində davam edəcək.
Qeyd edək ki, 2011-ci ilin sonlarında Azərbaycan və İsrail arasında ümumi dəyəri 1,6 milyard ABŞ dolları olan, silah və hərbi texnikanın alğı-satqısına dair müqavilə bağlanıb. Ötən il Azərbaycan əsasən “Elbit Systems”, “Rafael”, IWI və IMI şirkətlərindən məhsullar alıb.