Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun ərazisində dövlət büdcəsinin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsait hesabına alınmış maşın, avadanlıq, dərman preparatları və digər vasitələrin təqdimat mərasimi keçirilib. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. nazir Heydər Əsədov bildirib ki, respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müasir avadanlıqlarla təmin edilməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına lazımi avadanlıqlar alıb və ölkəmizə gətirilib.
Alınıb gətirilən bu vasitələr 105 ədəd baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müasir avadanlıqlarla təminatı deməkdir. Eləcə də ayrılmış vəsait hesabına alınmış avadanlıqlardan 1 dəstinin Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsi tələbələrinin təlim keçmələri və 1 dəstinin isə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti üçün ayrılıb.
H. Əsədov vurğulayıb ki, ölkəmizdə ilkin baytarlıq yardımı üçün dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına 18 ədəd “DUK” maşını, 100 ədəd yedəkli motosiklet, 2 min ədəd mühərrikli çiləyici, müalicəvi dərmanlar, heyvanları çimizdirmə maddələri, xəstəliyin təyini üçün diaqnostikumlar və dezinfeksiya maddələri alınıb.