Azərbaycan alçaq gərginlikli və kontrol kabellərin ixracına başladı
14 iyun 2018 12:51 (UTC +04:00)

Azərbaycan alçaq gərginlikli və kontrol kabellərin ixracına başladı

 

Dünyada “Made in Azerbaijan” markasını təmsil edən “Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Tacikistana növbəti dəfə məhsul ixracını həyata keçirib. Belə ki, bu gün STP sifarişçiyə Tacikistanda “Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə iki növ kabel göndərib. Texnoparkın tərkibində fəaliyyət göstərən dünyanın ən iri və yüksək texnologiyaya malik Kabel Zavodlarından biri ölkədə ilk dəfə olaraq xarici bazara 1 kV-dək olan alçaq gərginlikli və kontrol kabelləri ixrac edib.

 

STP-nin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bundan öncə STP Tacikistanda həyata keçirilən “Ravşan yarımstansiyasının inşası və yenidən qurulması Layihəsi" çərçivəsində istifadə üçün müxtəlif növ kabel məhsulları təqdim etmişdi.

 

Qeyd edək ki, STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

 

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar