Azərbaycan paytaxtında keçirilən “Bakutel-2013” Telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq. Bu barədə Lent.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
Memorandum 5 ölkənin mobil rabitə operatorları tərəfindən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Çin) imzalanacaq. Sözügedən memorandumla “TASİM” layihəsinin hansı şərtlər daxilində və hansı zamanda həyata keçirilməsi müəyyənləşdiriləcək.
Qeyd edək ki, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsi üzrə regional təşəbbüsdür. Layihə Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcəkdir. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.
“TASİM” layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə və internet xidmətlərinin inkişafına kömək edəcəkdir. Bununla da iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına nail olunacaq.