Bakı Dövlət Universiteti ilə Lyublyana Universiteti, Azərbaycan Texniki Universiteti ilə Sloveniyanın “İskratel” şirkəti əməkdaşlıq edəcək
Bu gün Sloveniyanın baş naziri Yanez Yanşanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan və Sloveniya tərəfindən rəsmi şəxslərlə yanaşı, turizm, enerji, İKT, tikinti, qida sənayesi, əczaçılıq, təhsil, mədəniyyət və idman, konsaltinq sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
Şahin Mustafayev Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini söyləyib. O, hazırda Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində ölkəmizlə Avropa Komissiyası arasında assosiasiya sazişinin müzakirə olunduğunu, müxtəlif yardım layihələrinin həyata keçirildiyini, Avronest-Parlamentlərarası forumun fəaliyyət göstərdiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb. Ölkəmiz Avropa İttifaqına üzv ölkələr, o cümlədən Sloveniya ilə ikitərəfli əməkdaşlığa da böyük önəm verir. Hazırda Azərbaycan-Sloveniya siyasi münasibətləri yüksək səviyyədədir, bu münasibətlər hörmət və dostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslanır. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. İndiyədək Azərbaycan və Sloveniya arasında 10 sənəd imzalanıb. İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də ticarət əlaqələridir və ölkələrimizin mövcud potensialdan səmərəli istifadə etməklə qarşılıqlı ticarətin inkişafı və diversifikasiyası istiqamətində işlər davam etdirilməlidir. Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdıran Şahin Mustafayev keçirilən biznes forumun da yeni əməkdaşlıq imkanlarının yaranmasına, iş adamları arasında mövcud əlaqələrin genişlənməsinə, ikitərəfli ticarət əlaqələrinin inkişafına müsbət töhfə verəcəyini bildirib, iş adamlarını fəal əməkdaşlığa çağırıb.
Yanez Yanşa Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynadığını dil gətirib. O, Sloveniyanın iqtisadiyyatı barədə məlumat verib, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrinin genişlənməsinin Azərbaycan-Sloveniya iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Sloveniyanın baş naziri xüsusilə tikinti, İKT, alternativ enerji, logistika, turizm, əczaçılıq və emal sahələrində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühitinə, Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin (“SPİRİT Slovenia”) rəhbəri Boştyan Skalar ölkəsinin iqtisadi imkanlarına dair təqdimatlarla çıxış ediblər.
Biznes forum çərçivəsində AZPROMO və “SPİRİT Slovenia”, Bakı Dövlət Universiteti ilə Lyublyana Universiteti, Azərbaycan Texniki Universiteti ilə Sloveniyanın “İskratel” şirkəti, Oğuz rayonu və Sloveniyanın Nova Qoritsa şəhərinin icra hakimiyyətləri, Azərbaycanın “Azərinşaatservis” və Sloveniyanın “Duol” şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.