Azərbaycan-BƏƏ Biznes Şurası yaradılacaq
19 dekabr 2012 16:39 (UTC +04:00)

Azərbaycan-BƏƏ Biznes Şurası yaradılacaq

 

Şahin Mustafayev BƏƏ-nin baş naziri ilə görüşüb

 

Dekabrın 18-də Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

BƏƏ tərəfdən iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoorinin rəhbərlik etdiyi Komissiyada bu ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub. İclasda çıxış edən Hökumətlərarası Komissiyanın Birləşmiş Ərəb Əmirlikləri tərəfdən həmsədri Sultan Bin Səid Əl Mansoori ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu söyləyib. Onun sözlərinə görə, son illər BƏƏ Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevrilib. İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə də turizm, nəqliyyat, təhsil, səhiyyə, tikinti və kənd təsərrüfatı sahələrində fəal əməkdaşlıq müşahidə edilir. Sultan Bin Səid Əl Mansoori BƏƏ və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində özəl sektorun da əhəmiyyətli rol oynadığını dilə gətirib.

 

Şahin Mustafayev Azərbaycan və BƏƏ arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. İki ölkə arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək 20-dən çox sənəd imzalanıb. Yüksək səviyyəli siyasi münasibətlər və möhkəm müqavilə-hüquq bazası iqtisadi əməkdaşlığın inkişafı üçün olduqca əlverişli zəmin yaradır. Təsadüfü deyil ki, ölkələrimiz arasında ticarət əlaqələri ildən-ilə genişlənir, ticarət dövriyyəsi 2010-cu illə müqayisədə ötən il 52%, bu ilin yanvar-oktyabr aylarında isə 29% artıb. Hazırda Azərbaycanda BƏƏ sərmayələri əsasında 122 şirkət fəaliyyət göstərir və bu şirkətlər tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 260 mln. dollardan çox birbaşa investisiyalar yatırılıb. Azərbaycan şirkətləri də BƏƏ-də uğurla fəaliyyət göstərirlər. “SOCAR TRADİNG S.A” şirkəti tərəfindən “SOCAR Aurora Fujairah Terminal FZE” terminalı tikilməkdədir və indiyədək terminalın tikintisinə 33 mln. dolları yatırılıb. Şahin Mustafayev nəzərə çatdırıb ki, ötən ay Bakıda açılmış Dubay Ticarət və Sənaye Palatasının nümayəndəliyi qurumun xaricdə ilk nümayəndəliyi olmaqla, bütün MDB məkanını əhatə edəcək. Palatanın ilk ofisinin məhz Azərbaycanda açılması ölkələrimiz arasında əməkdaşlığa verilən əhəmiyyətin daha bir göstəricisidir.

 

Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyanın 3-cü iclasından ötən müddət ərzində görülmüş işlər barədə məlumat verən nazir Şahin Mustafayev bildirib ki, sənaye, maliyyə əməkdaşlığı, sərnişin və yük daşımaları, turizm və başqa sahələrdə əməkdaşlıq uğurla davam etdirilib, bu sahələrdə bir sıra işlər görülüb.

 

Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, bankçılıq, mədəniyyət və turizm, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. İclas çərçivəsində həmçinin, “Azərbaycan-BƏƏ Biznes Şurasının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb. İclasın sonunda Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənəddə hüquq-müqavilə bazasının genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin davam etdirilməsi, investisiya əməkdaşlığı, o cümlədən üçüncü ölkələrə birgə investisiya yatırmaq imkanlarının nəzərdən keçirilməsi, iş adamları arasında əlaqələrin inkişafı, texnoparkların, o cümlədən yüksək texnologiyalar parklarının fəaliyyəti üzrə əməkdaşlıq, ali və texniki peşə təhsili sahəsində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.

 

Səfər çərçivəsində BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum Şahin Mustafayevi qəbul edib. Görüşdə iki ölkə arasındakı mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Azərbaycan nümayəndə heyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoori arasında keçirilmiş görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsi və iş adamları arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

# 925
avatar

Oxşar yazılar